Qızmar günəş və kitab - Şəmil Sadiq II Naxçıvan Kitab Sərgisindən yazır

A- A A+

9, 10, 11 may günləri... Üç gün üç gecə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illliyinə həsr edilən II Naxçıvan Kitab Sərgisində olduq. 23 nəşriyyat, 30-dan çox yazıçı, şair, naşir...

Məncə, hərə özünü, öz xislətini, xarakterini yaxşı bilir. Hətta bir addım atanda da içindəki “mən” onu nəyin gözlədiyini pıçıldayır. Bunu duymaq çətin deyil. Mən də qonaqları Naxçıvana dəvət edəndə bizi nəyin gözlədiyini yaxşı bilir və heç tərəddüd etmədən gəlmələrini istəyirdim. Artıq ikinci dəfə idi...

Həm torpağımızın, həm havamızın, həm suyumuzun, həm duzumuzun, həm də bunlardan yoğurulan camaatımızın qonaqları necə qarşılayacağını öncədən bilirdim. Bura tanıdığım və tanımadığım bütün camaatımız daxildir.

Hər şey elə başdan yaxşı getdi. İlk dəfə idi, dövlət qurumu ANAİB-i kitab sərgisinə dəvət edirdi. İndiyəqədərki 21 sərgidə biz təşəbbüs göstərmiş, məktub yazmış, şəxsi əlaqələrimizdən istifadə etmişdik. Bu dəfə isə Naxçıvan şəhər İcra Hakimiyyəti dəvət etdi. Əsas təşkilati işləri də öz üzərinə götürdü. Əslində, elə belə də olmalıdır, amma biz o qədər az görürük ki, təəccüblənməmək əldə deyil. Prosesə icra başçısının müavini səviyyəsində nəzarət edilirdi.

Bəli, sərgi başladı, rəsmilər gəldilər, stendləri bir-bir gəzib kitablarla tanış oldular. Buna qədər isə Naxçıvanın özünəməxsus idarəetməsi ilə üz-üzə qaldıq. Kəskin və kontinental... Stendlərin pərdəsinin necə olmasından başlamış, masaların eyni sıra ilə düzülməsinə qədər tövsiyələr eşidirdik. Bir az ləng tərpənəndə özləri də işə əl atırdılar. Axı naşir və yazıçılar bir az əhli-kef olur, rahat davranırlar. Məsələn, “Stendlər saat 09:30-da hazır olmalıdır” deyilibsə, elə də olmalıdır. Bir sözlə, hər detal düşünülmüşdü.

... Müasir karvansaraları xatırladan Saat meydanı.

Buludlar yerlə süzür sanki. Yerə o qədər yaxındır, elə bilirsən, bir azdan sarmaş-dolaş olacaq. Yer göyə, göy yerə sevgi tərənnümü edir.

Elə naşirlərlə kitablar da yerlə göy kimi idi. Stendin gözəlliyi üçün o kitabı bura, bu kitabı ora qoyur, sonra bəyənmir və yenə yerini dəyişir.

Naxçıvanda onu da gördüm ki, sərgiyə sadəcə kitab, yaxud imza almaq istəyənlər gəlirlər. Yəni “Yoldan keçirdim, bikar idim, boş vaxtım vardı” yox, “Kitab almaq istədiyim üçün gəlmişəm” deyirdilər iştirakçılar.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini bir neçə məktəblinin kitab seçdiyini görüb: “İcazə verin, sizin kitabların pulunu mən ödəyim”, – deyir. Uşaqların üzü gülür və hamısı seçdikləri kitabdan əlavə bir kitab da götürürlər...

Qonaqlardan bir yazıçı deyir ki, taksidən düşəndə sürücü məni tanıdı, ödənişi götürmədi...

Bir qonaqsa deyir ki, Naxçıvanı və naxçıvanlıları belə təsəvvür etmirdim…

Bir naşir deyir ki, oxucular çox intellektualdırlar, kitabla bağlı xeyli müzakirə aparmışıq...

Bir satıcı deyir ki, digər sərgilərdən fərqli olaraq heç kim hədiyyə kitab istəmir...

Biri də deyir ki, filan restoranda yediyim toy bozbaşı, daş küftə ləzzət elədi...

Biri də qayıdır ki, hər şey yaxşıdır, amma restoranlarda xidmət səviyyəsi çox pisdir. Xoş sözləri eşidəndə zövq alan və qürurlanan mən tez Atatürklə ingilis lordunun söhbətini misal çəkib bunu da yaxşı yerə yozuram: Atatürklə lorda xidmət edən bir xidmətçi çayı dağıdır, ingilis lordu bunu ironiya ilə qarşılayır. Bu zaman Atatürk deyir ki, bu millətə hər şeyi öyrətdim, bircə qulluqçuluqdan başqa.

Hə, yeri gəlmişkən, Naxçıvan havası da öz sözünü deyir, qızmar günəş, şıdırğı yağış, sərin hava tez-tez növbələşir.

Bəli, Naxçıvan tarixində ikinci möhtəşəm kitab sərgisi – Bookfest baş tutdu. Həm təşkilatçılar, həm iştirakçılar razı qaldılar. Özü də, sərgi qızmar günəş altında könüllülərin yallısı ilə bitdi. Geriyə xoş təəssüratlar və gələnilki sərgiyə daha yaxşı hazırlaşmaq arzusu qaldı.

Həm maairfçi, həm təşkilatçı, həm də naxçıvanlı kimi elimdən başıuca ayrıldım. Çünki hansısa problem ANAİB-in və doğma torpağımın adına xələl gətirmədi.

Bu sərgi bizə nə qazandırdı:

1. Azərbaycan nəşriyyatçılığının əvvəlki illərə nisbətən inkişaf etdiyini göstərə bildik.

2. Oxucular yerli müəlliflərlə tanış oldular.

3. Oxucular Azərbaycan kitabçılığının bir-iki nəşriyyatdan ibarət olmadığını anladılar, fədakar gənclərin inkişaf etdirdiyi çoxsaylı yayım evləri ilə tanış oldular;

4. Anladıq ki, sərgidən əvvəl bölgənin xarakter və tələbatını araşdırmalı, mövcud statistika ilə tanış olmalıyıq.

5. Bütün sərgilərə eyni şövqlə hazırlaşmalı, təşkilatlanmalıyıq.

6. Bölgə sərgilərinin keçirilməsini ən az üç ay öncədən elan etməli və təbliğat-təşviqat işləri aparmalıyıq.

7. Məktəb və universitetlərin bu prosesə cəlb edilməsi üçün aidiyyəti qrumlarla ciddi işləməliyik.

Bu gözəl təşkilatçılığa və təşəbbüsə görə Prezidentin Naxçıvan Nümayəndəliyinə, Naxçıvan şəhər İcra Hakimiyyətinə təşəkkürümü bildirirəm. Ümid edirəm, digər bölgələrimiz də Naxçıvandan nümunə götürərlər. Elə biz də kəm-kəsirlərimizi aradan qaldırarıq.

Şəmil SADİQ

ANAİB idarə heyətinin sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: