Hər bir yaradıcı insanın ömrü onun yaratdığı sənət ömrü ilə ölçülür. Bu sənət ömrü isə zaman tanımır, sənətkarını əsr-əsr yaşadaraq əbədiyaşarlıq qazandırır. Elə doğum günündə yad edib, xatirəsini əziz tutduğumuz görkəmli bəstəkar Rauf Hacıyev kimi...
Taleh insana fərqli həyat yaşadır. Bu fərqli həyatda Rauf Hacıyevə xoşbəxt ailə nəsib olmasa da, Yaradanın ona verdiyi fitri istedadla öz gələcəyini xoşbəxt etməyi bacarır. Düşünürəm ki, bəstəkarın ən böyük xoşbəxtliyi ziyalı ailədə, Həsən bəy Zərdabi kimi dahi şəxsiyyətin ocağında böyüməsi olub.
Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Onun anası Həsən Bəy Zərdabinin qardaşı qızı Nanə xanım idi. Çətin körpəlik keçirən Rauf Hacıyevin üç yaşınadək görmə qabiliyəti olmur. Anasını vaxtsız itirən bəstəkarın görmə qabiliyyəti sonra bərpa olunur. Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova Rauf Hacıyevi himayəsinə götürərək onu saxlayır.
Uşaq yaşlarından musiqi istedadını büruzə verən Rauf Qəribsoltan Məlikovanın dəstəyi ilə Üzeyir Hacıbəylidən dərs alır. Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinləyən dahi bəstəkar onun fitri istedadına yüksək qiymət verərək ilyarım onunla məşğul olur. Bundan sonra Rauf bir neçə mahnı bəstələyir. Həmin mahnılardan “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirir. Bundan sonra Rauf Hacıyev yaradıcılığında mahnı janrına üstünlük verir. Bəstəkarın “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları ona xalq sevgisi qazandırır. Xüsusi ilə də, 15 filmə musiqi yazan Rauf Hacıyev -“Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və sair filim musiqiləri ilə tamaşaçı sevgisi və populyarlıq qazanır. Sonra yeddi operetta yazan bəstəkar Moskva Dövlət Operetta Teatrının səhnəsində beşini tamaşaya qoyur. Maraqla qarşılanan bu operettalar keçmiş SSRİ-nin mərkəzi şəhərlərində uğurla səhnələşir. Demək olar ki, Rauf Hacıyevin istedadı daha çox operetta janrında şöhrət qazanır. Həmçinin onun operettaları respublikamızda bu janrın yeni səhifəsini açır. Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. Bəstəkar bu operettalarda dövrün aktual məsələlərinə toxunub. Bunlara - gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləri də daxildir.
Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir.
Rauf Hacıyev operetta janrında çalışmaqla yanaşı, musiqili teatrın başqa janrlarında da qələmini sınayıb. Sonra opera və baletlə də maraqlanan bəstəkar 60-cı illərin sonunda balet janrında çalışmağa ütünlük verib. Nəticə olaraq, görkəmli bəstəkar əvvəl iki xoreoqrafik miniatür – “Ləzgihəngi” və “Yallı”nı bəstələyib. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqla açıb. 1969-cu ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilərək tamaşaçıların rəğbətini qazanıb.
1971-ci ildə Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasına işləməyə gedən Rauf Hacıyev orada mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar Rauf Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar. Bəstəkar burada fəaliyyəti müddətində ölkənin mədəniyyət tarixini də dərindən öyrənib, xalq musiqi nümunələrini toplayaraq nota köçürür. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir.
Əlcəzairdə ilk dram teatrı açıldıqda orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev yazır. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqının yeni həyat quruculuğuna qədəm qoymasından bəhs edilir. İlk baletin uğurlarından ruhlanan Rauf Hacıyev daha sonra “Alov” və “Hürriyyət” adlı baletlərini də inqilab mövzusuna həsr edir.
Görkəmli bəstəkar ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə çalışıb. O, 1964-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın Mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılıb. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.
Fəal fəaliyyəti yüksək qiymətləndirilən Rauf Hacıyev - “SSRİ xalq artisti”, “Azərbaycan SSR xalq artisti”, “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adlarına və “Qırmızı əmək bayrağı”, “Lenin”, “Şərəf nişanı” ordenlərinə layiq görülüb.
Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.
O, cismən dünyadan köçsə də, yaratdığı əsərləri ilə ölməz bəstəkar olaraq yaşayır və yaşayacaq…
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı