O, bu dünyaya mayın ilıq səhərində qızılgüllər açanda gəlsə də “Qızılgül olmayaydı” yazdı. Bu poemanı hərdəfə oxuyanda elə bil elə bi ürəyimin ortasından keçən tikanlı bir güldən qan damır. Poemanın hər misrasında sanki yas havası dolaşır. Bu adi yas deyil, yoldaşların xatirəsini anmağın yasıdır.
Rəsul Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində mirzəçiliklə məşğul olan İbrahim kişinin ailəsində dünyaya göz açıb. Anası Məryəmin Xan qızı Natəvanla qohumluğu və şeirə düşkünlüyü nəticəsində hər gecə uşaqlarını başına yığıb, onlara şeirlər, nağıllar oxuyarmış.
Ailəsini erkən yaşlarında itirən Rəsul Rza çox gənc yaşlarından ailənin bütün yükünü öz boynuna götürüb. O, 1925-ci ildə Ömər Faiq Nemanzadənin direktoru olduğu Gəncə sənaye və ziraət texnikumuna sənədlərini verərək qəbul olur. Lakin tələbələrin dram dərnəyində çıxış etdiyi bir tamaşada, öz rolunu ifa edərkən qulağından aldığı zədə nəticəsində texnikumu yarımçıq qoyur. Çox çəkmir o, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur. 1937-ci ildə balaca bir daxmada ailə quran cütlüyün toyunda Hüseyn Cavid və Mikayıl Müşfiq də iştirak edir. Şeirlərindəki novatorluğu qəbul etməyən çevrə onu sıxışdırır, sərbəst misrasına tuşlanırdılar.
Səməd Vurğunla arasında estetik dava olduğu deyilir. Səməd Vurğun heca şeirinin, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların münasibəti bəzən soyuq, bəzən isə dostyana olub. Günlərin birində Rəsul Rzadan soruşurlar: - Səməd Vurğunla yola getmirsiniz. Səbəb nədir? Rəsul Rzanın cavabı: - Doğrudur, Səmədlə mənim aramda mübahisələr, hətta küsüb barışdığımız vaxtlar da olub. Lakin bu, sırf şəxsi səbəblərdən doğmur, üslub yarışından irəli gəlir. Üslublar yarışı olmayan yerdə əsl poeziya yarana bilməz. Təəssüflər olsun ki, bulanıq suda balıq tutmaq istəyənlər buna şəxsi don geyindirib, ara vurur, bizi bir-birimizə qarşı qoyur, dedi-qodulara səbəb olurlar.
Rəsul Rza dilimizə yeni sözlər də qazandırıb. “Çimərlik”, “İşıqfor”, “Çilək” və sair. O, həm də “Anar” sözünü yaradaraq oğluna bu adı verir. Bildiyiniz kimi, bu söz dilimizin “anmaq” felindən götürülüb. Bu gün “Anar” adı Azərbaycanda ən çox verilən adlardan biridir.
Nigar xanım həyat yoldaşını böyük məhəbbətlə sevib. Rəsul Rza cəbhədə olduğu zamanlarda onun üçün çox darıxır, hətta bir neçə dəfə onun yanına Krıma getməyə də cəhd edir.
Nazim Hikmət hər dəfə Bakıya gələndə mütləq Rəsul Rzanın evində qonaq olar və həmin gün evdə böyük ədəbi məclis təşkil olunarmış. Qızı Fidan xanım həmin illəri xatırlayarkən deyir: Biz hamımız Nazim Hikməti, onun şeirlərini çox sevirdik. O, özü də elə gözəl insan idi ki, ona vurulmamaq mümkün deyildi. Çox yaraşıqlı, hündürboylu, sarışın, mavi gözlü kişi idi. Nazim Hikmətin gözəl məxməri səsi vardı. Pafossuz, yaxşı şeir söyləməyi bacarırdı. Həmişə bizə gələndə o, öz şeirlərini oxuyardı. Anamın, atamın da şeirlərini çox bəyənərək dinləyərdi. Biz Moskvaya gedəndə bir dəfə Vera ilə yaşadığı evdə qonaq olmuşduq. Bir dəfə isə Yazıçılar bağı deyilən yerdə bizi qonaq eləmişdi. Süfrəni də özü hazırlamışdı”.
Rəsul Rza Ömrünün son illərini xəstəxanada keçirir. O, müalicə aldığı vaxt həyat yoldaşı Nigar xanıma da xərçəng diaqnozu qoyulur. Anar bu xəbəri atasına çatdırarkən, Rəsul Rzanın halı qəfildən pisləşir. Həkimlərin bütün səyinə baxmayaraq, 70 yaşlı Rəzul Rza 1981-ci il aprelin 1-də gözlərini əbədi yumur.
Nigar xanımın Rəsul Rza üçün yazdığı “Neyləyim” şeirinə Emin Sabitoğlu şairin ölümündən sonra mahnı bəstələyir. Mahnını Akif İslamzadə ifa edir. Həmin musiqinin səs yazısını Anar xəstəxanaya gətirib anasına dinlədir. Nigar xanım həmin musiqini çox bəyənir. Yanına kim gəlirsə, uşaqlarına deyir ki, Rəsula yazılan mahnını qoyun, qulaq assınlar.
Bu gün biz Rəzul Rzanı biraz kədərli, biraz düşüncəli xatırlayırıq. Bu gün biz onu bəlkə də qızılgül qoxusu kimi xatırlayırıq. Əl dəyməyə qorxduğumuz bir misra kimi… Solmasın deyə!
Fariz Əhmədov
Naxçıvan televizyasının baş redaktoru