Bu gün Azərbaycan tarixində iz qoymuş, milli ədəbiyyatımızın tanınmasında böyük xidmətləri olan Salman Mümtazın anadan olmasından 141 il ötür.
Ömrünü Azərbaycan klassik şairlərinin əsərlərinin, aşıq poeziyası və xalq folklor nümunələrinin toplanmasına və nəşrinə sərf edən görkəmli mətnşünas Salman Məmmədəmin oğlu Əsgərov 1884-cü il may ayının 20-də Şəkinin Gəncəli məhəlləsində tacir ailəsində anadan olub. Atasının ölümündən sonra ailəsi ilə Aşqabadda köçən Salman ilk təhsilini burada alıb. Uşaq yaşlarında Mirzə Ələkbər Sabirlə görüşən Salman Mümtazda ədəbiyyata həvəsi daha da artıb. O, 22 yaşına dək rus, ərəb, fars və urdu dillərini mükəmməl öyrənərək təhsil alıb. Şərqin bir çox klassik şairlərinin əsərlərini dönə-dönə oxuyub və əzbərləyir. Sonra atasından qalan miras sayəsində bir çox xeyriyyə işlərinə, o cümlədən, Azərbaycan şairlərinin əlyazmalarının toplanması işinə başlayıb. Eyni zamanda, dövrün mətbuatı ilə yaxından əlaqədə olan Salman Mümtaz “Molla Nəsrəddin” jurnalı ilə də əməkdaşlıq edib, “Xortdan bəy”, “Sağsağan” kimi imzaları ilə yazılar çap etdirib. Bu illərdə Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Mirzə Cəlildən mənəvi dəstək görən görkəmli mətnşünas “Molla Nəsrəddin” jurnalının imperiyanın bir çox bölgələrində yayılmasına köməlik göstərib. Həmin illərdə Salman Mümtazın ilk kitabı “Seyid Əhməd Hatif İsfahaninin tərcibəndi və tərcümeyi-halı” Mirzə Cəlilin Tiflisdə fəaliyyət göstərən “Qeyrət” mətbəəsində nəşr olunub. Cümhuriyyətin yaranması ərəfəsində ailəsi ilə birlikdə Bakıya köçən Salman Mümtaz “Azərbaycan” qəzetində jurnalist kimi fəaliyyət göstərməklə bərabər, Azərbaycan klassiklərinin yaradıcılığı ilə bağlı sənədlərlə maraqlanmağa başlayıb. 1919-cu ildə “Yaşıl qələm” ədəbi cəmiyyətinin üzvü olan ədib, cəmiyyətin normal fəaliyyət göstərməsi üçün maddi dəstəyini əsirgəməyib.
Salman Mümtaz 1920-1925-ci illərdə Azərbaycanı qarış-qarış gəzərək, 200-ə yaxın kitab, əlyazma və məqalə toplayıb, “Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” adı altında silsilə məqalələr dərc etdirir. Həmin dövrdə onun rəhbərliyi ilə Azərbaycan ədəbiyyatının bərpası komissiyası təşkil olunur. Azərbaycan ədəbiyyatının tədqiqatçılarından biri olan Salman Mümtaz bu illər ərzində ədəbiyyat tarixinə dair 15, xalq yaradıcılığına dair 2 əsər yazır.
Salman Mümtaz İmadəddin Nəsimi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh və başqalarının əsərlərinin ilk dəfə külliyyatlarını nəşr etdirib. Onun “Nəsimi” adlı monoqrafik kitabı 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultay iştirakçılarının böyük marağına səbəb olub. 1934-cü ildə isə Moskvada keçirilən sovet yazıçılarının I qurultayında onun Mirzə Şəfi Vazehin ədəbi irsinin öyrənilməsindəki xidmətlərini öz məruzəsində Məmmədkazım Ələkbərli xüsusi olaraq qeyd edib.
Bu illər ərzində bir çox vəzifələrdə işləyən görkəmli tədqiqatçı Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr üzrə Azərbaycan ədəbiyyatı bölməsinin müdiri, Azərbaycan Dövlət Muzeyinin elmi işçisi, “Azərnəşr”in klassik irs şöbəsinin müdiri, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının ədəbiyyat bölməsinin elmi işçisi və daha sonra müdiri olub.
Böyük təəssüf hissi ilə deyə bilərəm ki, 1937-ci ilin qanlı repressiya dalğası görkəmli ədibdən də yan keçməyib. Salman Mümtazı “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham ediblər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilərək, 1937-ci il 8 oktyabrda Bakıdakı evində siyasi düşmən kimi həbs olub. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilib. Məhkəmədə əks-inqilabi millətçi təşkilata üzv olduğu bildirilən Salman Mümtaz buna kəskin etiraz etsə də, heç bir nəticəsi olmayıb. O, 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunub. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnib.
Milli söz irsimizin qoruyucusu Salman Mümtaz ölümündən 15 il sonra, 1956-cı ildə bəraət alıb.
Qeyd edək ki, ölkəmiz müstəqillik qazandıqdan sonra şair, ədəbiyyatşünas, mətnşünas və biblioqraf, orta əsr əlyazmalarının kolleksiyaçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Salman Mümtazın xalqımızın maariflənməsində və milli ədəbiyyatımızın inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirilərək adı Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Şəki şəhərində yerləşən küçələrdən birinə verilib. Həmçinin Türkiyə Respublikası Milli Kitabxanasında Salman Mümtazın xatirəsinə həsr olunmuş guşə yaradılıb.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru