Tarixin bütün dövrlərində milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyıb. Biz ən çətin sınaqlarda belə öz dəyərlərimizə sadiq qalıb, türklüyümüzü, özünəməxsusluğumuzu qoruyub, yaşatmışıq. Öz milli tarixi yaddaşımızı və milli mədəni irsimizi yarada bilmişik.
Əlbətdə ki, hər bir xalqın sərvətləri sırasında onun milli mənəvi dəyərləri də yer alır. Əgər belə olmasa idi ölkəmizə üz tutan qonaqlarımıza musiqimizi, muğamlarımızı, süfrəmizdə yer alan milli yeməklərimizi, milli geyimlərimizi, xalçalarımızı, xalq sənətkarlığınının dərin izlərini, ipək kəlağayımızın simvollarını, birliyimizi rəmzləşdirən yallılarımızı, rəqslərimizin estetikasını, dastan və aşıq yaradıcılığını, tarixi abidələrimizi necə tanıda bilərdik? Bayramlarımızın fəlsəfəsindən, xalqımızın bədii-estetik zövqündən necə danışa bilərdik? Sənətkarlarımızın, elm və mədəniyyət xadimlərimizin yaratdığı irsi necə çatdıra bilərdik?
Bu dəyərlər yalnız keçmişin yadigarı deyil, həm də bu günümüzü və gələcəyimizi formalaşdıran milli kimliyimizdir. Mədəni dəyərlərimizin hər biri xalqımızın mənəvi yaddaşıdır. Dərindən duyaraq diqqət yetirsək, anlayarıq ki, muğam təkcə musiqi deyil, bir fəlsəfədir – insanın kainatla, zamanla, varlıqla əlaqəsini səs və ritmlə ifadə edən hikmətdir. Xalça yalnız dekorativ sənət nümunəsi deyil, qədim yaddaşın ilmə-ilmə toxunmuş nağıl dilidir. Kəlağayı qadın zərifliyinin və milli zövqün rəmzi kimi yalnız ipək parça deyil, ruhumuzun toxuması, ləyaqətin, ismətin ipək salnaməsidir.
Ən əsası odlar yurdunun isti nəfəsindən yaddaşlara köçən, milli təfəkkürümüzdən ilhamlanıb ənənəyə çevrilən adətlərimizi necə yaşada bilərdik? Çox şükürlər ki, bu dərin mədəniyyəti və mənəviyyatı duyan, yaşatmağa çalışan əqidədaşlarımız çoxdur. Lakin bunu hamılıqla duyub, öz dəyərlərimizi qoruyuruqmu?
Mənə görə, bu dəyərlərin fövqündə mental əxlaqi dəyərlər dayanır. Bütün həyati, maddi-mənəvi reallığın əsas mənbəyi olan mental normalar xalqımızın genetik kodlarıdır. Bu dəyər anlayışına nə dini, nə irqi aspektdən yanaşmaq olmaz. Bu – bizik! Böyüyə hörmət edən, kiçiyə yol göstərən, həyat yolunda əqidəsiz, amalsız, hisslərə, maddiyata qapılaraq çaşqınlığa düşənlərə yol göstərən “Od ərlər”.
Zaman-zaman bu addan köz alan aydınlarımız-vətən fədailəri yatmışları oyatmadımı, “millət necə tarac olur, olsun”, “oxutmuram əl çəkin”, “Annaları, Sonyaları yanlarıq” deyənlərə güzgü tutmadımı?
Məhz bu odla ruhlanan xalq bircə günlük azadlıq arzusunu, 40 illik boyunduruq altında yaşamaqdan üstün tutaraq, iki illik istiqlal dövründə dövlətçilik təməllərini qoydu. Azad Azərbaycanın bayrağını, himnini, milli dövlətçiliyimizin təməlini yaratdı. Məhz bu alovla alışan qəlblər idi ki, ideoloji burulğanların və siyasi böhranların təziqlərinə sinə gərdi.
Siyasi, elm, marif xadimləri, səntəkarlar yetirən xalqımın qəhrəman oğulları qəlbində, ruhunda, qisas hissini yaşadaraq tarixin bütün dönəmlərində ər meydanında şəhidlik zirvəsinə birliyin, bötövlüyün gücünü və ruhunu daşımadımı?
Elə bu məhz ruhla 44 günlük müharibədə oğullarımızın hər addımı bir “od ərin” iradəsini yaşatdı. Odlar yurdunu toxunulmaz, müqəddəs qıldı. Elə isə bu “od ərlər”in ruhu qarşısında cavabdeh olduğumuzu anlayaraq düşünməliyik: biz bu alovu necə qoruduq və necə qorumalıyıq ?
Bu gün yeni təhdidlər fərqli simada olsa da, məqsəd eynidir – bizi biz edən dəyərləri zəiflətmək, o alovu söndürmək və məhv etmək. Vəsvəsə, saxta “azadlıq” anlayışları ilə formalaşan neqativ düşüncə tərzi saf və məsum beyinlərə hücum çəkir. Sosial mediada dəyərləri lağ obyektinə çevirmək, milli-mənəvi anlayışları, əxlaqi dəyərləri gerilik kimi qələmə vermək – bunlar müasirlik deyil, kimlik itkisidir. Sürətlə inkişaf edən dünya “qloballaşma” adlı qəlibə düşüb sanki. Müasirlik və inkişafdan qeri qalmadan, milli mentalitetimizə uyğun olaraq da müasirləşə bilərik. Bunun əksi isə real təhlükədir. Bu təhlükədən yalnız milli dəyərlər, əcdadlarımızdan qalan mənəvi miras sayəsində xilas ola bilərik. Bunun üçün isə yalnız millət ziyalıları deyil, bütün cəmiyyət birgə çalışmalıdır. Mədəniyyət və mənəviyyat fədailəri, şair və yazıçılar, jurnalistlər və müəllimlərlə yanaşı, hər bir ailə başçısı milli dəyər və mənəvi mirasımızı qoruyub saxlamaq üçün vətəndaş yanğısı ilə çalışmalıdır. Zira, yalnız kökləri dərinlərə gedən və ana torpaqdan su içən ağaclar uzun ömür sürə bilər.
Elə isə bizi biz edən dəyərləri məhv edən vəsvəsələrin, əxlaqi-mental dəyərlərimizi ucuzlaşdıran müasir və yad ünsürlərin, neqativ düşüncə tərzi ilə saf məsum beyinlərə hücumların fərqinə varaq, daha gözəl və mükəmməl gələcək yaradaq!
Aldığınız nəfəs təmiz, yolunuz aydın, ruhunuz saf olsun!
Lalə Allahverdiyeva
Naxçıvan televiziyasının əməkadaşı