Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan və yaradıcılığı ilə əbədi iz qoyan bəstəkarlardan biri də Aqşin Əlizadədir.
O, 1937-ci il may ayının 22-də Bakı şəhərində anadan olub. Ailəsinin musiqiyə olan marağı onda bu sahəyə sevgini uşaq yaşlarından yaradıb. İlk musiqi təhsilini Bülbül adına orta musiqi məktəbində alan Aqşin sonra təhsilinə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında davam edib. Burada Cövdət Hacıyevin bəstəkarlıq sinfində oxuyaraq sənətinin sirlərini öyrənən Aqşinin bəstəkar kimi inkişaf etməsində müəlliminin böyük rolu olub. Gənc bəstəkar Qara Qarayevdən də mütəmadi olaraq məsləhətlər alaraq öz üzərində əzimlə çalışıb. O, Konservatoriyanı bitirərkən diplom işi olan bir hissəli “Simfoniya” əsəri ilə “Zaqafqaziya baharı” festivalında I diploma layiq görülüb. Peşəkar bəstəkar kimi yaradıcılığı çoxşaxəli olan Aqşin Əlizadə qısa zaman ərzində simfonik və kamera orkestrlərin, fortepiano və xor üçün bir sıra maraqlı əsərlərin, kinofilmlərə, tamaşalara yazılmış musiqilərin müəllifidir. O, əsərlərində əsasən, sülh, əmin-amanlığa, vətənə sevgi hissi aşılamaqla bərabər, milli dəyərlərə bağlı olmağı, onu qorunmağı dinləyicilərinə çatdırıb. Bəstəkarın “Kamera simfoniyası” əsərinin premyerası Moskvada bəstəkarlar evində olub. Qara Qarayev respublika bəstəkarlarının plenumunda Aqşin Əlizadənin “Kamera simfoniyası” əsəri haqqında fikirlərini bildirib: “Elə bəstəkarlar vardır ki, artıq ilk əsərləri ilə ictimaiyyətin diqqətini cəlb edir. Bu bəstəkarların əsərlərindəki sənətkarlıq, ifadə səmimiliyi, onlar haqqında professional ustalar kimi danışmağa bizi məcbur edir. Onların gənc olduğunu unudursan. Şübhəsiz ki, belə ciddi bəstəkarlar arasında kamera orkestri üçün simfoniyanın müəllifi Aqşin Əlizadə də vardır”.
Bildirək ki, bəstəkar “Kamera simfoniyası” əsərinə görə 1967-ci ildə Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatına layiq görülüb. Aqşin Əlizadənin musiqisi müasir və maraqlı tapıntılarla zəngindir. “Pastoral”, “Aşıqsayağı” pyesləri SSRİ bəstəkarlarının IV qurultayında müvəffəqiyyətlə səslənib. Bəstəkarın “Təntənəli marş”, “Kənd süitası”, “Abşeron lövhələri”, “Qəhrəmanlıq musiqisini” və digər əsərləri də dinləyicilərdə xoş təəssürat yaradıb. Onun yaradıcılığının zirvəsi xalq yaradıcılığı əsasında yazılan “a” capella “Bayatılar” və “İyirmialtılar” kantatasıdır,- deyə bilərik.
Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətində xor kollektivinin və xor üçün əsərlərin yaranması Üzeyir bəyin adı ilə bağlıdır. Ancaq 60-ci illərdə musiqi sənətinə öz böyük töhfələrini verən bəstəkarlardan biri kimi Aqşin Əlizadəni də xüsusi qeyd etməliyik. Bəstəkarın “Bayatılar”-10 silsiləsi xor musiqisinin ən qiymətli, mühüm yerlərindən birini tutub. “Bayatılar” Azərbaycan xalq yaradıcılığının dərin kökləri ilə sıx bağlıdır.
Bəstəkarın “Azərilər” (“İyirmialtılar”) kantatası da yaradıcılığında mühüm yer tutub. Kantata haqqında A.Tağızadə yazır: “Əsərdə xor, bəşəriyyətin səsi, yaxud xalqın səsi kimi mühüm ictimai ideyanı daşıyan orator kimi təqdim olunur!”.
“Azərilər” kantatası Azərbaycan musiqi mədəniyyəti üçün dəyərli töhfə olduğuna görə müəllif 1979-cu ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Aqşin Əlizadə 5 simfoniyanın müəllifidir. Birinci simfoniyası bəstəkarın diplom işi, ikinci simfoniyasına görə isə Lenin mükafatına layiq görülüb, üçüncü simfoniyasının dramaturji forması muğam prinsiplərində əsaslanıb. Milli dramaturji axtarışlar dördüncü simfoniyadır ki, bu əsəri bəstəkar Azərbaycan muğamlarının variasiyalı inkişaf prinsipinə əsaslandırıb. Beşinci simfoniyası muğam simfoniyasıdır ki, bəstəkar burada da milli musiqi alətlərimiz – sazı, zurnanı, ney alətini simfonik orkestrə daxil edib, bu da simfoniyanın gözəl, rəngarəng tembr çalarları və parlaq orkestr boyaları ilə orkestrin səslənməsinə nail olub.
Kamera-instrumental janrlarında da müxtəlif əsərlər yazan Aqşin Əlizadə: “Mən kamera musiqisinə çox bağlıyam. Ona böyük üstünlük verirəm. Bu da təsadüfi hal deyil. Axı, kamera orkestri, kamera musiqisi heç də sadə olmayan çoxlu imkanların sirlərini özündə cəmləşdirir…”. Bəstəkarın skripka ilə fortepiano üçün “Portret” adlı sonatası, fortepiano üçün “Dastan” pyesi onun kamera - instrumental musiqisinin ən dəyərli nümunələrindəndir.
Aqşin Əlizadə teatrın, rəqs sənətinin təbiətini duyan müəllif olduğundan balet də onun yaradıcılıq axtarışlarında mühüm yer tutub. O, qeyd edir: “Baleti simfoniya kimi bəstələyirəm. Lakin unutmaq olmaz ki, səhnə əsəri ilk növbədə tamaşaçılara ünvanlanıb. Teatr üçün yazan bəstəkar əsərin tam “ağa”sı olmaq fikrindən birdəfəlik əl çəkməlidir. Çünki, burada rejissor, baletmeyster tamaşanın bərabərhüquqlu müəllifi kimi çıxış edir”. Görkəmli bəstəkar 3 baletin müəllifidir. “Babək”, “Qafqaza səyahət” və “Ümid valsı”. “Babək” baleti ilk dəfə 1986-cı il 20 mayda tamaşaya qoyulub. Bu iki pərdəli ilk Azərbaycan baletidir.
Kino musiqisində - bəstəkar simfoniya, balet, kamera əsəri, vokal-simfonik əsərlərlə bərabər, kino musiqi sahəsində də çalışıb. “Yerin qocaman sakini”, “Bu, Səttar Bəhlulzadədir, “Axtarış həvəsi”, “Tütək səsi” və digər filmlərin musiqisini Aqşin Əlizadə bəstələyib. Onun hər bir əsəri həm milli, həm də əsl novator əsər kimi bu gün də yadda qalaraq sevilir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi böyük işlər görən Aqşin Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, sonra isə birinci katibi olub. O, 60 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif olunub.
Bakı Musiqi Akademiyasında gənc musiqiçi nəslinin yetişməsində böyük xidmətləri olan bəstəkar Aqşin Əlizadə Azərbaycan SSR Əməkdar incəsənət xadimi və Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülüb.
Görkəmli bəstəkar, professor Aqşin Əlizadə 2014-cü il may ayının 3-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru