Azərbaycan ədəbiyyatına maraqlı hekayələri, povestləri və romanları ilə töhfələr verən Xalq yazıçısı-Hüseyn İbrahimov

A- A A+

Hüseyn Məhəmmədəli oğlu İbrahimov 1919-cu il may ayının 23-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Orta təhsilini burada alan Hüseynə Araz çayının sahilində yerləşən doğma kəndinin ana təbiəti və maarifçi ab-havası onun yaradıcılığının formalaşmasında mühüm rol oynayıb. Sonra təhsilinə Naxçıvan Pedaqoji Texnikumunda davam edən gənc ədibin ilk şeirləri təhsil aldığı sinif otağının divar qəzetində dərc olunub. Bununla da o, ədəbiyyat aləminə ilk addımlarını atıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan görkəmli nasir 1958-ci ildə jurnalistika şöbəsini bitirib. Əmək fəaliyyətinə müəllim olaraq başlayan gənc yazıçı Şərur rayonunda, sonra isə Naxçıvan Muxtar Respublikasında Gənclər təşkilatına rəhbərlik edib. Bu illər ərzində maarifçi, ziyalı və gənclərlə daim ünsiyyətdə olan Hüseyn İbrahimov qazandığı təcrübələri ilə yaradıcılığını daha da inkişaf etdirib. Onun yaradıcılığında mətbuatın daha üstün rolu olub. Bir müddət “Şərq qapısı” vilayət qəzetinin redaktor müavini və Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri, “Şərq qapısı”nın baş redaktoru olan Hüseyn İbrahimovun fəaliyyəti nəticəsində təkcə mətbuatın inkişafına deyil, həm də özünün gənc yazıçı kimi formalaşlasına böyük imkanlar yaranıb. O, həm yazıçılıq, həm də dövlətçilik fəaliyyətinin öhtəsindən profesional şəkildə gəlməyi bacaran, Azərbaycan sənətkarlarından biri olub. Dövlət idarəçiliyində bir çox vəzifələrdə yer tutan Hüseyn İbrahimov Naxçıvan Vilayət Partiya Komitəsində mühazirəçilər qrupunun rəhbəri, Təbliğat və təşviqat şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri kimi məsul dövlət işində təmsil olunub. Bu onu özünəməxsus ictimai baxışlara malik olan cəmiyyətşünas yazıçı səviyyəsinə çatdırıb. 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Hüseyn İbrahimov bu səmərəli fəaliyyətində o, Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, Yazıçılar Birliyi Naxçıvan şöbəsinin məsul katibi kimi mühüm vəzifələrdə işləyərək regionda milli ədəbiyyatın inkişaf etdirilməsi, yeni yazıçılar nəslinin formalaşdırılmasında xüsusi rol oynayıb. Onun təşəbbüsü ilə Naxçıvanda yaşayıb-yaradan yaradıcı qüvvələrin ilk ədəbi almanaxı-”Səadət mahnıları” və sonra “Araz” almanaxının üç sayının və “Qoy tanısın dünya səni” adlı şeir toplusu nəşr olunub.

Hüseyn İbrahimov 1958-ci ildə “Baharın hekayəsi” povestini və eyni zamanda, qələm dostlarından Müzəffər Nəsirlinin “Mənim muxtar respublikam”, Hüseyn Razinin “Kəndimizin səhəri” adlı ilk şeir kitablarını, habelə Hüseyn Cavidin anadan olmasının yüz illiyi ilə əlaqədar kiçik şeir toplusunu Naxçıvanda daxili imkanlar hesabına nəşr etdirib. Hüseyn İbrahimov ömrünün sonuna kimi qədim diyarın ədəbi qayğısına qalaraq Naxçıvanda yazıb-yaradan yeni yaradıcı nəslin bir çox nümayəndələrinə mənəvi dəstək verib və onları Yazıçılar Birliyinin üzvlüyünə daxil edib.

Görkəmli ədibin bu xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək müstəqil Azərbaycanın “Şöhrət” ordeni və “Xalq yazıçısı” fəxri adına layiq görülüb. Həmçinin görkəmli yazıçının anadan olmasının  80, 90 və 100  illik yubileyləri respublika miqyasında dövlət səviyyəsində geniş qeyd olunub və əsərləri bir çox xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

Xalq yazıçısı Hüseyn İbrahimovun ədəbi fəaliyyəti...

Zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan görkəmli ədib yaradıcılığa 1944-cü ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunan “O, düşməndə qoymadı anasının qanını” adlı şeirlə başlayıb. Sonralar epik ədəbiyyatla yaradıcılığa davam edən Hüseyn İbrahimov dövrün ideologiyalarına əhəmiyyət verməyib, mənəvi və maarifçi mühitin problemlərini önə çəkərək əsərlərini qələmə alıb. Onun “Günəş doğan yerdə” romanından başqa heç bir əsərində sovet hakimiyyətinin əlamətdar hadisəsi, tarixi günü və ya siyasi şəxsiyyəti haqqında məlumatlara rast gəlinmir. O, müxtəlif nəsr janrlarında yazıb-yaratsa da, yaradıcılığında hekayə janrına üstünlük verib. Hüseyn İbrahimovun “Ədəbiyyatımızın mirvarisi”, “Şirin xatirə”, “Qumralın məktubları”, “Təmiz adam”, “Kənd həsrəti”, “Arxayın Məmməd”, “Madam Heruta”, “Qadın nəfəsi”, “Vicdan səsi”, “Köhnə onluq”, “Aləmzər” və sair hekayələri Türkiyədə nəşr olunaraq, müxtəlif dillərə tərcümə edilib. Bu hekayələrdə həyatın böyük və ciddi məsələləri özünün bədii əksini tapıb. Kiçik həcimli əsərlərinin əsas qayəsində ləyaqət dayanıb. Yazıçının hekayələrindəki həqiqi insani ləyaqət axtarışları onun fərdi ləyaqəti ilə səciyyələnən obrazlar yaratması ilə nəticələnib.

Hüseyn İbrahimov maraqlı sənətkarlıq körpüsündə həm də povestlər qələmə alaraq özünəməxsus dəsti-xəttinə daha da diqqəti cəlb edib. Onun mənəviyyat, ailə-məişət məsələlərinin ön mövqeyə çəkməsi, yalnız sevinc və fərəhi, xoşbəxtliyi deyil, təbii insan kədəri və ağrılarını da bədii ədəbiyyatın materialına çevirməsi hekayələrində olduğu kimi, povestlərində də əsas aparıcı xətti təşkil edib. ”Göyərçinin məhəbbəti”, “Səhv edəndə”, “Qu quşları öləndə oxuyurlar” və sair povestlərində həyatı bütün təbiiliyi ilə yaşayan, düşünən, səhv edən, büdrəyən, aldanan, lakin çətin məqamda ayağa qalxmağı bacaran sıravi adamların həyatı, zərgin mənəviyyatı öz əksini tapıb.

Xalq yazıçısı Hüseyn İbrahimov 50-ci illərdə yazdığı “Sabahın sorağında” romanı ilə özünü həm də mahir romançı olaraq tanıdıb. Akademik Məmməd Arif 1967-ci ildə “Sabahın sorağında” romanını haqqında yazırdı: “Müəllifin müsbət qəhrəman uğrundakı axtarışları, mənəvi intelelktual keyfiyyətlərə malik surətlər yaratmaq təcrübəsi qiymətlidir. Yazıçı səmimiyyətlə təsvir etdiyi təmiz insanları - qəhrəmanları oxucusuna sevdirə bilir”.

Hüseyn İbrahimovun “Bahar yağışı”, “Günəş doğan yerdə”, “Əsrin onda biri”, “Böhtan” romanlarında epik təsvirin genişliyi, mövzunun əhatəliliyi, milliliyi, tarixi və müasirliyi ön mövqedə olub. “Böhtan” əsəri Azərbaycan tarixi romanının dəyərli nümunələrindəndir. Bu, Hüseyn Cavid haqqında ilk roman kimi də böyük qiymətləndirilir.

Hüseyn İbrahimovun yaradıcılığında dramaturgiya da müəyyən yer tutub. O, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsi əsasında “Qardaş ürəyi” faciəsini, “İtirilən sağlıq” və “Torpağın övladları” pyeslərini qələmə alıb. “İtirilən sağlıq” pyesi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında uğurla tamaşaya qoyulub.

Ömrünü sənətə, dövlətçiliyə adayaraq misilsiz xidmətlər göstərən görkəmli ədib Hüseyn İbrahimov 2008-ci il  aprel ayının 10-da Naxçıvan şəhərində vəfat edib.

Dahi şəxsiyyət cismən bu gün o, aramızda olmasa da, əsərləri ilə daim xalqın düşüncəsində, qəlbində yaşayır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: