Ədəbiyyatı teatıra qibtə etdirən tamaşa - Ruhəngiz Əliyeva yazır - FOTOLAR
Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Samuel Bekketin "Qodonun intizarında" absurt pyesinə ünvanlı alqış səsləri ilə fəth olundu.
Müəllifin eyniadlı pyesi əsasında hazırlanan tamaşa Teatrın direktoru, istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapıb.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatırının Bədii Şurasının üzvü kimi fərəhlə deyə bilərəm ki, Naxçıvan tamaşaçılarının "Qodo"dan istədikləri, baş rejissor Mir Qabil Əkbərovun və dəyərli aktyorlarımızın sayəsində sanki reallaşır.
Səhnə əsərində Azərbaycan Respublikasının əməkdar artisti Behruz Haxverdiyev Vladimir, aktyor Zakir Fətəliyev Estraqon, gənc aktyorlar Məmməd Mehdiyev Poçço və İsmayıl Mirzəcanov Lakki obrazlarını məharətlə canlandırdılar.
Bu əsəri ilk dəfə 25 yaşımda oxumuşdum, lakin əsərin o zaman mənə hiss etdirdiyi "qeyri-müəyyənlik" duyğusu bu gün Mir Qabil Əkbərovun təfəkkürü ilə birləşərək "Qodonun intizarında" dünyanın imitasiyası fiziki və metafiziki qatda təqdim edildi.
Həyat var olmaq arzusu Bekket yaradıcılığının imitasiyası kimi göründü. Mir Qabilin Qodosu ədəbiyyatı teatıra qibtə etməyə məcbur etdi, bu gün ümidsizlik içindəki ümüdi Mir Qabil Əkbərovun yanaşması ilə izlədim...
Bakketin bu cümlələrinin bu gün başqa ovqatda qavradım.
"...Qan tər içində canavarlardan qaçarkən oxuya bilmədiyim kitabı onlardan qaçmaq üçün gizləndiyim bir küncdə tapıram. Hətta içəridən açıb oxuduğum cümlələr var idi. Əmin deyiləm, bəlkə də mən astral səyahət edirəm, “Oxunmaz kitablar müəssisəsində” dayanıb bu kitablara göz gəzdirirəm.
Şüuraltımın hər şeyi unutdursa da, unutdurmadığı kitablar var.
Hadisələrin bir məkanda və zamanda baş verdiyi “Qodonun intizarında” pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir.
Qodonu gözlədiyimdən əmin deyiləm, müəyyən mənada ağlımın dünəni ilə barışa bilmirəm. Düşüncələrə daldıqca o kəskin şübhəni yaşayıram, təbii ki, onu niyə bu qədər gözlətdiyimə görə tərəddüd edir və təəssüflənirəm. Nə vaxt gözləməyə qərar verdim; Dünən idi, yoxsa bir gün əvvəl, yoxsa ondan əvvəl gözləməli olduğum vaxt varmı? Bir müddət sonra zaman bataqlığa çevrilir və məni udmağa başlayır.
Daha nəyi gözləyirdim sualı beynimdəki dəhlizlərdə tez uyğun bir yer axtarır. Sevgili, dost, sülh, yoxsa ölüm? Heç nədən əmin ola bilmirəm... Doğrudanmı gözlədim və eyni zamanda ümid etdim və ətrafıma təzə papatyalar əkdim? Şübhə içində zamanın qalıqları ilə keçmişimi sorğulamaq məni hara aparacaq? Ən yaxşısı gözləməyə davam edin. Onun gəlişi ilə mən istədiyim hər şeyi edə biləcəyəm, sevilməsəm də sevəcəm, ya bağışlanmasam da üzr diləyəcəm, ya da hər şeyi geridə qoyub xatırlanmayacam, amma hələlik, gözləmək lazımdır. Yoxsa mən Vladimir kimi yatıram? "Başqaları əzab çəkəndə mən yatmışdım? İndi yatmışam? Sabah oyananda bu gün haqqında nə deyim, yoxsa oyandığımı düşünəndə nə deyim? Dostum Estraqonla Qodonu axşama qədər burada gözlədim?”
Ruhəngiz Əliyeva
Azərbaycan Yazıçılar Birliyinin Üzvü,
Beynəlxalq Diplomatik Araşdırmalar Akademiyasının Üzvü,
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru