Bu gün Xalq Yazıçısı İlyas Əfəndiyevin doğum günüdür

A- A A+

Nasir, dramaturq, Əməkdar İncəsənət xadimi İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayının 26-da Füzuli şəhərində tacir ailəsində anadan olub. 7 yaşında ikən atasını itirən İlyasın böyüyüb-təhsil almasında anası Bilqeyis xanımın əvəzsiz xidməti olub. Anasının ədəbiyyata olan marağını görən İlyasda uşaq yaşlarından mütaliəyə sevgi yaranıb. Pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirən İlyas 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub. O, 1938-ci ildə bu ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin sonlarında əmək fəaliyyətinə başlayan İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Gənc nasirin ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki və “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”ində dərc olunub. O, ədəbiyyat dünyasına ilk addımı 1939-cu ildə nəşr edilən “Kənddən məktublar” hekayələr kitabı ilə atıb. İlk hekayələr, sonra isə qələmə aldığı “Aydınlıq gecələr” adlı kitabları isə onun ədəbi-estetik görüşlərinin və orijinal fərdi ifadə tərzinin göstəricisi kimi dəyərli və maraqlı nümunələrdir.

İlyas Əfəndiyevin Azərbaycan milli teatrı ilə sıx əlaqəsi, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazmaqla başlayıb. Bu ilk addımla görkəmli yazıçı həyatının 50 ildən çoxunu teatra bağlayaraq əməkdaşlıq edib. Yaradıcılığını bundan sonra daha da inkişaf etdirən İlyas Əfəndiyev özünü həm dramatur, həm də nasir kimi tanıdaraq, əsərlərini mətbuatda dərc etdirib. Onun zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və sair daxildir. Görkəmli yazıçı pyesləri ilə teatr sənətində yeni mərhələyə qədəm qoyaraq “özünün teatr”ını yaradıb. Onun yaratdığı qəhrəmanlar ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Xüsusi ilə qeyd edə bilərik ki, 1960-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olub.

İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.

Görkəmli sənətkar 1990-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradaraq, qatı sovet rejimi illərində qoyulan qadağalara görə yaza bilmədiyi bir sıra mövzuları dövlətimizin müstəqillik qazandığı dövrdə qələmə alaraq oxucularına təqdim edib. İlyas Əfəndiyev “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirib. Həmin dövrdə “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini də tamaşaya qoyaraq, bir sıra yeni kitablarını nəşr etdirib.

Ömrünün 60 ildən çoxunu ədəbiyyata həsr edib, zəngin yaradıcılıq yolu keçən böyük sənətkar İlyas Əfəndiyev Azərbaycan ədəbiyyat və mədəniyyətinə verdiyi töhfələrə görə iki dəfə“Şərəf nişanı”, “Lenin”, “Qırmızı əmək bayrağı” və “Oktyabr inqlabı” ordenlərinə, “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR xalq yazıçısı” fəxri adlarına və Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

Uzun müddət xəstəlikdən əziyyət çəkən ədib sonra əməliyyat olunaraq 17 il daha yaşayıb, yazıb-yaradıb. Sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alan ədibin əsərləri, bu gün də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanır.

 İncəsənət xadimi, yazıçı İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-ü, 82 yaşında Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Görkəmli sənətkar ədəbiyyatımıza verdiyi töhfələrlə bərabər, iki nümunəvi övlad da bəxş edib. O, Xalq yazıçısı Elçin və Ədəbiyyatşünas alim Timuçin Əfəndiyevlərin atasıdır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: