Vətənin bütövlüyü üçün döyüşən-Xalq şairi Söhrab Tahir

A- A A+

Mənim qollarımı iynə-sap edin

Tikin Astaranı biri-birinə,

Çayları, yolları iynə-sap edin,

Tikin Culfaları biri-birinə!...

Ömrünə ayrılıq yazılan, qohum-qardaşından ayrı düşüb, bu nisgili ilə ömrünün sonuna kimi sinəsini yurd həsrətinin qalxanına çevirən Söhrab Tahir…

Xalq şairi, nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alan şair ailəsinin dolanışığının çətin olmasına görə atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə başlayıb.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edən Söhrab 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. Onun bura gəliş səbəbi hərbi təhsil alıb, vətəninə qayıdaraq, yurdunun keşiyində durmaq idi. Ancaq bu istəyi dövrünə və yerinə görə əlçatan olmayıb. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisasını bitirən Söhrab Tahir 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Sonra iki il Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olaraq təhsil alıb. Bu illər ərzində qələmini silaha çevirib, ədəbi yaradıcılığı ilə yurdunun keşiyində duran Söhrab Tahir bir an olsun bu nisgilindən, azadlıq, milləti birləşməyə çağıran şüarından dönməyib. Onun hər şerinin misrasında bu hissləri duymamaq mümkün deyil.

Azad qardaşım var onunla xoşam,
Mən gərək sahili sahilə qoşam,
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.

Bir çox vəzifələrdə fəaliyyət göstərən Söhrab Tahir- ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, “Azərbaycan” jurnalında redaktor olub. O, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin və SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının və Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib.

Gərgin əmək fəaliyyəti ilə yaradıcılığını da inkişaf etdirən Söhrab Tahir əbəbiyyatımıza dəyərli əsərlər bəxş edib. Onun “Vətənlə sevgi arasında”, “Sevgi əfsanəsi” -şeirlər və poemalar, “Qonşu qızın məktubları”-povest və roman, “Əmanət”-povestləri, “Lirika” adlı kitabları işıq üzü görüb.

Fəaliyyəti və yaradıcılığı yüksək qiymətləndirilən Şair inqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına, “Xalq şairi” fəxri adına, 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” və 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq “V.V.Mayakovski” ordenlərinə layiq görülüb.

Uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Söhrab Tahir 2016-cı il  may ayının 4-də vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda,
Dözümlü xalqıma heykəl qoyulsun

Ortadan qurumuş bir dəli çayda.

 

Ruhun şad olsun! Xalqın şairi, arzu və ümidlər bitməzdir-

Vətən birləşəndə, xalq birləşəndə,

Mən də öz qəbrimdən boylanacağam...

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: