…Mən belə dövranı qana bilmirəm
Qanmaz olub da dolana bilmirəm…
-deyən poeziyamızda şerin inqlabını yaradan, zəmanənin aynası, əsrin əks-sədası adlandırılan Mirzə Ələkbər Sabir 1862-ci il may ayının 30-da Şamaxıda anadan olub. Atası kiçik dükkan işlədən dindar bir kişi olub. O, Ələkbərin gələcəkdə ruhani olmağını istədiyi üçün onu səkkiz yaşında mollaxanaya qoyub. Mollaxanada hərifləri öyrənib yazmaq və Quranı oxumaq ən vacib dərs idi. Bunu vaxtında etməyən Ələkbər tez-tez mollası tərəfindən falaqqaya salınaraq döyülüb. Bundan əlavə, balaca şairə evdə də ata və anasının məcburiyyəti ilə namaz qılıb, oruc tutdurulması onun qəlbində bu dözülməz qayda-qanuna uşaq yaşlarından üsyan oyanıb.Üç misralıq ilk şeiri ilə bu acı həqiqəti qələmə alıb:
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda
12 yaşına qədər mollaxanada təhsil alan Ələkbər sonra Seyid Əzim Şirvaninin açdığı məktəbdə təhsilinə davam edib. Bu məktəb demək olar ki, Mirzə Ələkbər Sabirin savadlı və yaradıcı şair olmasında mühüm rol oynayıb. Atasının təkidi ilə iki il sonra buradakı təhsilini yarım qoyan Ələkbər məktəbdən çıxıb dükanda köməkçi işləyib. Bütün bunlar yenə də, Sabirin elmə və ədəbiyyata olan marağına əks-təsir etməyib. O, daha da həvəslə oxuyub, şeirlər yazıb.
Bu barədə məlumat yazan Abbas Səhhət: “Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış. Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini”,-qeyd edib.
Bəzi məlumatlarda qeyd olunub ki, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci ilə ziyarət adı ilə səyahətə çıxaraq Orta Asiyaya, oradan da İrana gedib. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzib. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlasa da, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olub.
İlk səfərindən qayıtdıqdan sonra 1887-ci ildə Büllurnisə adlı qızla ailə quran Sabirin bu evliliyindən 8 qızı və bir oğlu dünyaya gəlib. Böyük ailə sahibi olmaq şairin vəziyyətini olduqca çətinləşdirib. Ailəsini dolandırmaq üçün şair bir müddət sabun bişirib satıb. Bununla bərabər, yaradıcılıqla da məşğul olub, dövrün ziyalıları ilə əlaqədə olub.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində şairin yaşadığı şəhər dağılaraq, yerlə-yeksan olub. Bu vəziyyətdə ailəsini qorumaq üçün o, çox böyük çətinliklərlə kiçik daxma düzəldərək dolanışıqlarını təmin etməyə çalışıb. Bu haqqda Şairin qızı Səriyyə xatirələrində qeyd edib ki, “həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatcıl, səmimi idi. O, anamı və bizləri savadlı görmək istəyir, buna görə bizə əlifba öyrədirdi”.
XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmayıb. Qeyd edilir ki, 1901-ci ildə Şamaxıya qayıdan Şairə Abbas Səhhət mənəvi cəhətdən böyük köməklik göstərib. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə ediblər. Onun şeirləri XX əsrin əvvəllərindən başlayaraq mətbuat səhifələrində görünüb. “Şərqi-Rus”, “Həyat” qəzetində şeirləri çap edilib. Sabir 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayaraq jurnalın ən sevimli şairi, ən fəal müəlliflərindən biri olub. O zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranıb. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vurmağa çalışıb. Bütün bunlardan özünə çoxlu düşmən qazanan şairi ruhani və dövrün varlı ağaları hədələyir, hətta ölümünə fitva veririblər.
1907-ci ilin əvvəllərində Sabir mətbuat və maarif sahəsində çalışmaq və şeir yaradıcılığını inkişaf etdirmək üçün Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işləyir. Həmin dövrdə müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. 1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Ancaq Qori Müəllimlər Seminariyasında işləmək istəyi baş tutmur. Bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyur. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilir. Sonra yenidən Bakıya qayıdan Sabir “Zənbur” jurnalının redaksiyasında işlədikdən sonra Balaxanı məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında da işləməyə başlayır. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxır. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir. Ancaq səhhətində yaranan xəstəlik yazıb-yaratmağa davam etməyə imkan vermir. Sabir 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:
İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “... Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir zamanında Mirzə Ələkbər Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunub.
Dahi satirik şairin yaradıcılığı…
Bədii yaradıcılığa kiçik yaşlarından başlayan Sabir, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman öz üzərində əzimlə çalışaraq ilk şeirlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klassiklərinin təsiri ilə yazmağa başlayıb. Onun əsərləri lirik üslubda və əsasən, qəzəl janrındadır. Digər Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti məhəbbət duyğularının təsviridir. Sabirin lirik qəhrəmanı Aşiqdir. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiqlərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir.
Onun XIX əsrin sonu, XX əsrin əvvəlində yazdığı lirik şeirlərin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin vətəndaşdır. Onun arzusu “dilbər-i hürriyət”ə çatmaqdır. Mövcud cəmiyyətin ziddiyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:
Mən bələ əsrarı qana bilmirəm,
Qanmaz olub da dolana bilmirəm!..
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzə-vü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!
Şairə görə dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, mübariz bir həyat keçirməyi üstün tutur.
Bədii yaradıcılığa lirik şeirlərlə başlayan Sabir, əsasən ədəbiyyat tarixində dahi satirik kimi tanınıb. Sabirin satirik üslubu birdən-birə formalaşmayıb. Bu nöqtəyə çatana qədər o, uzun bir hazırlıq mərhələsi keçib. Şair gənc yaşlarından mürtəce adamlara, gerilik və mövhumata qarşı tənqidi yanaşmağa başlayıb. 1905-ci il inqilabı isə Sabirin dünya baxışında və bədii yaradıcılığında əsaslı dönüş əmələ gətirib. Onun əsərlərində ictimai məzmun, siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik ideyalar, yüksək mənada xəlqilik xüsusiyyətləri qüvvətlənib. Sabirin inqilabı alqışlaması, onun tarixi əhəmiyyətini qiymətləndirməsi demək idi. Bununla da, Şair qələmə aldığı əsərlərinin bir qismində zəhmətkeşlərin qüdrətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zülmündən nifrətlə danışır.
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Pişgahi-çeşmi-canımda vətən etsə vəfat, -
Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Təəssüf hissi ilə deyə bilərik ki, Sabir sağlığında əsərlərini kitab halında görə bilməyib. Tiflisdən Abbas Səhhətə yazdığı 27 iyun 1911-ci il tarixli son məktubunda ona vəsiyyət edib ki: “Ölürsəm, qəm etmərəm, çünki, bilirəm, siz asarımı təb etdirərsiniz”. Şairin vəfatından bir il sonra əsərləri həyat yoldaşı Billurnisə xanımın, dostları Abbas Səhhət və Mahmudbəy Mahmudbəyovun gərgin əməyi ilə xalqdan yığılan ianə hesabına “Hophopnamə” adı ilə kitab şəklində çap olunub. Sonra bir neçə dəfə də kitab çap olunub. 1922-ci ildə isə Əlisgəndər Cəfərzadənin tərtibi ilə şairin kitabı yenidən və xeyli təkmilləşmiş halda nəşr edilib və Nəriman Nərimanovun təşəbbüsü ilə Mirzə Ələkbər Sabirə Bakıda heykəl qoyulub. Bundan sonra Sabir irsinə maraq getdikcə güclənməyə başlanıb. Əsərləri S.Hüseyn (1934), H.Səmədzadə (1948) və M.Məmmədovun tərtibi ilə (1962, 65; 1976, 1980, 1992, 2004, 2005) nəşr olunub, şairin həyat və yaradıcılığı haqqında məqalələr və monoqrafiyalar çap etdirilərək dissertasiyalar müdafiə olunub. Bundan əlavə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar buraxılan üçcildlik “Hophopnamə”nin ən mükəmməl nəşri hesab olunub. Sabirin əsərləri rus, ukrayna, gürcü, tatar, fars, ingilis və sair dillərə tərcümə olunub və keçmiş sovet məkanından başqa İran, Türkiyə, ABŞ və başqa ölkələrdə də çap edilərək geniş yayılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru