Ukrayna Milli İctimai Teleradio Şirkəti (NSTU) xəbər verib ki, bu ölkədən heç bir ifaçı “Eurovision -2019” müsabiqəsində iştirak etməyəcək.
NUHÇIXAN teleradio şirkətinə istinadla xəbər verir ki, NSTU əvvəlcədən elan edilmiş namizədlərin milli müsabiqə çərçivəsində seçilməsini aparmaqdan imtina edib. Bundan öncə isə xəbər verilmişdi ki, altı finalçıdan dördü mahnı müsabiqəsində iştirak etməyəcək. “Kazka” və “Brunettes Shoot Blondes” musiqi qrupları, həmçinin milli müsabiqədə ikinci yeri tutmuş “Freedom Jazz” ansamblı da beynəlxalq mahnı müsabiqəsinə getmək istəmədiklərini bəyan ediblər. Daha sonra seçmə yarışların qalibi olmuş müğənni Maruv (Anna Korsun) da “Eurovision -2019” müsabiqəsində iştirak etməyəcəyini bildirib. Maruv bu addımını ona təklif olunan kontraktın şərtlərinə razı olmaması ilə izah edib. Müğənni Rusiyada konsertlər verdiyinə görə Ukraynada sərt tənqid olunur. O, tənqidlərə cavabında qeyd edib ki, öz musiqisi ilə “sülhə çağırır və xalqları birləşdirmək istəyir”.
NSTU müğənnilərlə kontraktın şərtlərini açıqlayıb. Məlum olub ki, bu sənədin əsas müddəalarından biri müğənnilərin Rusiyada qastrollarda olmamasıdır. Bununla əlaqədar Ukrayna Baş nazirinin müavini Vyaçeslav Kirilenko cəmiyyətdə böyük rezonans doğuran həmin şərtin dəyişdirilməsini təklif edib.
Xatırladaq ki, Ukrayna iki dəfə “Eurovision” müsabiqəsinin qalibi olub. 2004-cü ildə müğənni Ruslananın "Wild Dances", 2016-cı ildə isə Camalanın Krım tatarlarının deportasiyasına həsr etdiyi “1944” mahnıları birinci yerə layiq görülüblər.