O, bizə sovet illərinin ideoloji vitrini kimi təqdim olunmuşdu. Kommunist şair deyirdilər. Onun adını partiya qəzetlərində, tədbir salonlarında, rəsmi portretlərin yanında gördük. Amma illər keçdikcə onun misraları dərinləşdi, köhnə şüarların altından poetik bir fəlsəfə boylandı. Və biz başa düşdük ki, əslində Nazim Hikmət sadəcə bir ideologiyanın deyil, böyük bir eşqin, azadlıq yanğısının, insan ömrünün vətəni olan sözün şairidir.
Türk ədəbiyyatının alışqan ruhlu, şairi, yazıçısı, rəssamı Nazim Hikmət 1902-ci ilin sərt yanvarında, zadəgan ailəsində doğulub. Taleyin gərgin ritmini erkən yaşlardan duyan Nazim 1918-də Hərbi Dənizçilik məktəbinə daxil oldu, amma bir il sonra işğal altındakı vətəni üçün yazdığı şeirlərlə oradan kənarlaşdırıldı. Onun ilk şeiri “Sərvliklərdə” 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olundu. Lakin əsl şair taleyi 1920-də onu işğal altındakı İstanbulu tərk edib milli mübarizə yoluna Anadoluya apardı. Sonra yol Moskvaya uzandı. 1922–1924-cü illərdə Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil aldı. Lakin onu universitet yox, ürəyində daima çırpınan vətən dərdi, insanlıq yanğısı, sözə olan hədsiz inam yetişdirdi.
Nazim türk poeziyasına sərbəst şeiri gətirdi. Amma bu sərbəstlik təkcə vəznin yox, düşüncənin, hissin sərbəstliyinə çevrildi. Onun şeirlərində həm publisist kəskinliyi, həm də misraların arasında incə bir həsrət, dərin bir lirizm yaşayır. O, yazmaqla döyüşürdü faşizmə, imperializmə, haqsızlığa qarşı. “Taranta Babuya məktublar”da Afrikanın qara dərili əzilmiş övladının dilindən danışdı. “Alman faşizmi və irqçiləri” əsərində qaranlıq ideologiyaları ifşa etdi. “Şeyx Bədrəddin dastanı” ilə tarixə şeir donu geyindirdi.
1938-ci ildə sübutsuz ittihamlarla 28 il 4 ay həbs cəzası aldı. Lakin azadlığı əlindən alsalar da, qələmini ala bilmədilər. Zindan divarları arasında “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” kimi pyeslərini yaratdı.
Və dünya ona biganə qala bilmədi. Mütərəqqi ictimaiyyətin təzyiqi ilə 1950-ci ildə azadlığa çıxdı. Amma artıq onun yolu Türkiyəyə deyil, SSRİ-yə doğru uzanırdı. İkinci vətəni olan Moskvada yaşadı, yazdı, yaratdı. Onun əsərləri əsasında filmlər çəkildi, pyesləri səhnələşdirildi. “Sevdalı bulud”, “Bir məhəlləli iki oğlan”, “Yaşamaq gözəldir, qardaşım” hər biri ayrı bir dünyadır.
Azərbaycan isə onun qəlbinin ayrıca bir guşəsində yerləşirdi. Dəfələrlə Bakıya gəlmişdi. Yusif Səmədoğlunun toyunda ürəkdən iştirak etdiyini görənlər yazır: sanki toy yox, bir azadlıq bayramı idi onun üçün. Azərbaycan şairləri ilə dostluqları, yazdığı şeirlər, xatirələr, mədəniyyətimizə dair məqalələr onu bu torpağa daha da bağlayırdı. Bəstəkarlarımız onun şeirlərinə romanslar yazdı. A.Məlikov onun “Məhəbbət əfsanəsi” əsəri əsasında balet bəstələdi. Bu, təkcə sənət deyil, bir xalqın şairə cavabı idi.
O, 1963-cü ildə Moskvada vəfat etdi. Ancaq o gün sükut yox, bir səs dünyanı dolaşdı. Sərhədləri aşan, dilləri birləşdirən, millətləri bir nəfəsə çevirən o poetik səs… Ben bir ceviz ağacıyım Gülhane Parkında.
Ne sen bunun farkındasın, ne polis farkında.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru