O gecədən 88 il ötür

Eşqin son ünvanı Cavidlər məqbərəsi

A- A A+

4 iyun gecəsi şair, yazıçısı və dramaturq Hüseyn Cavidin öz yaşadığı evdən neçə-neçə qiymətli əsərləri ilə birgə aparılmasından, repressiyaya məruz qalmasından  və bir ailənin məhvindən 88 il ötür. İndi onlar bu məbəddə bir-birlərini bağrına basıb, sevgiylə yuxuya gediblər. Eşqi dadanlar burada baramağucunda yeriyir. Burada səs yox, qoxu yox, yalnız ürəklərin bir vaxt çırpındığı havadan qalan titrəyiş, bir də sükutun içində pıçıldayan dua var. Bu məbəd sevdanın torpağa hopmuş nəğməsidir.

Sanki ruhlar əl-ələ verib, bu məbədə çevrilmiş məzarlıqda bir ömür susaraq danışır. Sevgi burada ölü deyil daha uca, daha saf, daha müqəddəsdir. Külək belə sayğıdan pıçıltıyla ötür bu məbədin önündən. Çünki bu məbəddə nə yalan, nə qürur, nə nəfs, nə də vədə var. Burada sevgi nə sözlə deyilir, nə səslə. Sadəcə susqunluqla danışır.

Kim bu məbədə baş əyirsə, əvvəl gözləri, sonra qəlbi dolur. Özünü burada tapan hər kəs susaraq Tanrıya yaxınlaşır, iblisdən arınır.

Sadəcə iki qadın və iki kişi. İki eşq və iki ölüm. Bir-birinin yanında, bir-birinin qəlbində. Sonsuzluğa bir yerdə getməyin nə qədər gözəl olduğunu sübut edirlər. Burada nə gülüş qalıb, nə göz yaşı. Yalnız bir vaxtlar bir-birinə “səni sevirəm” deyən iki nəfərin yan-yana torpağa qarışmış nəfəsi var.

Sevgi burada nə nümayişdir, nə dillə deyiləcək qədər ucuz. Bu məbəddə sevgi bir ömür susub, axirətə qədər yan-yana yatmaqdadır.

 İndi mən onların səsini eşidirəm. Gecələr biri o birinə “Üşümə” deyir.

Görünür bu məbədin altında bir sirr yatır. Adını eşq qoyublar. Fəqət bu, bizim bildiyimiz eşq deyil. Bu, ömrünü yox, sonsuzluğu bölüşənlərin eşqidir. Kim bura gəlib baş əyirsə, qəlbində pıçıldayır:

Hər kəsin bir еşqi, bir ilahı var,              

Mənim tanrım gözəllikdir, sеvgidir

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: