Bayırda çiskin çiləyən yağış sanki Xəzərin sinəsində göz yaşına dönür. O damlalar pəncərəmi döyəclədikcə, içimdə bir pıçıltı böyüyür: Bu gün Müşfiqin doğum günüdür. Doğulduğu gün sevinc dolu bir nəfəs idisə, 117 il sonra bu gün, yalnız həsrət qoxulu bir xatirədir.
Qapı sanki zamana açılır. Nəmli taxta cırıltısı ilə xəyallardan qopuram. İçəri qədim bir fəsil kimi gözlərində payızın sarısı, saçında qışın ağı ilə yaşlı bir qadın daxil olur. Bu qadının daxilində əsrlərdir danışılmayan bir hekayə yatır. Dilbərdir. Onun sükutu, Müşfiqin şeirlərindəki son misralar kimidir.
Əlindəki şəkli titrəyən barmaqları ilə mənə uzadır. Ağ fonda qara taleli bir üz. 1109 nömrəli həbsxana rəsmi. Səsim boğazımda hıçqırıq salır. Bu rəqəmlər sadəcə bir məhbus nömrəsi deyil vaxtilə bir xalqın boynuna keçirilən zəncirdir. Müşfiqin azad sözü, azad məhəbbəti, azad sabah arzusu bu zəncirdə boğulub.
Dilbər pıçıldayır: Qaranlıqda qürub etdi qəlbimdəki ümid. Gözlərim qapıda asılı qaldı. Gedənlər bilir gedən qalandan necə getdi, bir gecənin içində “yoldaş” dan dönüb, “vətəndaş” olub getdi Müşfiqim!
Müşfiq sənin adın bir yandan eşq, bir yandan inqilabdır. Bir əlinlə şeir yazdın, bir əlinlə azadlıq. Sözün işıq idi, amma o işıqla ən qaranlıq zindanları işıqlandırdın. Dostların da sənin kimi “düşüncə cinayətkarı” elan edilərək əbədi səssizliyə məhkum oldular. Fəqət yaxşı bilirdilər ki, zülmətin içindən doğan bir şairin işığı sönmür.
Sənin dalğalara tapşırılan səsin hələ də Nargin adasında eşidilir. Xəzərin çırpınan ləpələrində bir fəryad var: Oyan, Müşfiq! Qələminlə yazılan hər misra, azadlığın göyə qalxan duaları kimi bu xalqın alnına yazıldı. Çünki sən təkcə sevən bir şair deyildin, sən inanan bir ümid idin.
Bu gün, 117 il sonra səni anmaq, səni anlamaqdır. Dilin lal olduğu yerdə, səssiz hekayələrin altında gizlədilən bir hekayə var: Müşfiqin hekayəsi. Yarım qalmış bir hekayə.
Dilbərin gözlərində sən hələ də varsan. Kölgəyə çevrilmiş əllərini sığallayan bir ruh kimi dolaşırsan Xəzərin sahilində. Hər dalğa səninlə danışır. Bəli, sən yaşayırsan, Müşfiqim. Çünki sən səssizliyin özündən danışan, susqunluğun dilində qışqıran, məzara sığmayan, zamanla yarışan bir həqiqətsən.
Bugün, sənin doğum günündə səni göz yaşlarımızla yuyur, şeirlərini nəfəsimizə çəkirik. 117 yaşın mübarək, Müşfiq! İndi sən susmusan. Fəqət hər kəs səndən danışır... Qürurla, sevgi ilə, göz yaşı ilə.
Günün mübarək düşüncə cinayətkarı!
Fariz Əhmədov
Naxçıvan televizyasının baş redaktoru