“Şeir kimi ölmək istəyirəm…”,-deyən Vaqif Səmədoğlu

A- A A+

"Mən dünyanın axırının necə olacağını bilirəm" adlı söhbətindən: Vaqif bəy, darıxırsınız?

- Hər gün... Həmişə, 57 ildi. Hərdənbir darıxmıram.

-57 il?

- Düz 57 ildi - anadan olduğum gündən.

- Nədən ötrü darıxırsınız?

 - Nə bilim. Bəlkə Allahdan ötrü darıxıram. Həqiqətdən ötrü darıxıram. Hərdən gözəl yalandan ötrü darıxıram. Azadlıqdan ötrü darıxmışam. Özümdən bezikib darıxmışam. Elə şairin sənəti odu da. İş yeri darıxmaqdı, yazı masası tənhalıq".

Azərbaycan ədəbiyyatında XX əsrin böyük söz ustadlarından biri də Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğludur. O, 1939-cu il iyun ayının 5-də Bakıda, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində anadan olub. Atası Səməd Vurğunun və anası Xavər xanımın himayəsində böyüyən şairin həm ədəbiyyata, həm də musiqiyə marağının yaranmasında vaildeynlərinin xüsusi rolu olub. O, musiqi təhsilini indiki Bülbül adına musiqi məktəbini fortepiano sinfi üzrə bitirib. Sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq fortepiano üzrə təhsilini müvəffəqiyyətlə başa vurub. 1962-ci ildə Azərbaycan gənclərinin üçüncü festivalında fortepiano üzrə laureat adını qazanıb. İki il P.İ.Çaykovski adına Moskva Konservatoriyasında stajor olan Vaqif Səmədoğlu Bakıya qayıtdıqdan sonra konservatoriyada fortepianodan dərs deməyə başlayıb. Yaradıcılıq seçimi ilə ədəbiyyata üstünlük verən şair, üç il Azərbaycan Ensiklopediyasında incəsənət şöbəsinin müdiri, iki il C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari emalatxanasında ssenarist, dörd il“Yazıçı” nəşriyyatında redaktor, üç il də kinostudiyada kinoaktyor teatrının ədəbi hissə müdiri vəzifələrində işləyib. 1992-1994-cü illərdə isə Azərbaycan yazıçılarının müstəqil qəzeti olan “Oğuz eli”nin baş redaktoru olub. Ölkəmizin müstəqilliyi uğrunda gedən Milli Azadlıq mübarizəsində fəal iştirak edən şair Azərbaycan müstəqillik qazandıqdan sonra Milli Məclisin deputatı və Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü olub.

Bu illər ərzində onun musiqi sahəsində olan biliyi, Şopen, Mosart, Maler, Raxmaninov və başqa klassiklərə ehtiramı, Amerika cazını və ümumiyyətlə, modern cazı dərindən bilməsi və fortepianoda gözəl ifası yaradıcılığından yan keçməyərək onu ömrünün sonuna kimi musiqi ilə nəfəs alan şair edib. Vaqif Səmədoğlu Azərbaycan televiziyasında uzun müddətli “Caz klub” verilişinin əvəzsiz aparıcısı olaraq caz musiqisinin Azərbaycanda təbliğ edilməsində xüsusi rol oynayıb.

Görkəmli şairin yaradıcılığı…

Vaqif səmədoğlu poeziyası hikmətli ifadə və müdrik kəlamlarla zəngindir. Onun yaradıcılığı Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə müqayisə edilir. Şair öz poeziyasında hansı janrda yazırsa yazsın (şeir, pyes, kinossenari, pritça, mahnı mətni) onun böyük istedadı aydın görünür.

Mən tez gəldim, səndən tez,

Sənsizlədim.

Sənsiz bir az gəzdim

Gözlədim

Göydə bulud gözlədi.

Mənə göz elədi

Bilmirəm indi,

Gözlər kimindir,

Bəkə sənindi

Bəlkə mənimdi

Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır. Onun yaradıcılığı milli mənbələrlə sıx bağlıdır. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur.

Səməni…

Evinə bir ovuc torpaq gətirib insan.

Şam yanır…

Enir masanın bayramlığına bir ovuc səhər

Azacıq sönür kədər

Dramaturqun Azərbaycan teatrlarında səhnəyə qoyulan “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Qeneralın son əmri”, “Mamoy kişinin yuxuları”  tragikomediyaları  və “Yaşıl eynəkli adam” trilogiyası,”Yumurta” kimi televiziya filmləri böyük tamaşaçı məhəbbəti qazanıb. Bu əsərlərdə bütün  gülüşlərin  arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər var. Ancaq daha çox diqqəti çəkən şairin yaratdığı pyeslərinin dilidir. Əsərdə hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq. Şairin bir çox əsərlərində səslənən fikir və deyimlər xalq arasında folklor nümunəsi kimi yayılıb.

Vaqif Səmədoğlunun həyat və yaradıcılıq yolunu əks etdirən materiallarla tanış olduqda aydın olur ki, o, həyatda və yaradıcılıqda çox şeylərdən imtina edib, küsüb, qaçıb. Bəzən isə gücü ancaq özünü qorumağa çatıb. Bu haqqda məlumat verən şair: "Mən özümü ideologiyanın dişindən, caynağından qoruya bilmişəm. Bir də ideologiyanın pəncəsində qan tökülə-tökülə yazılan şeirlərdən...".

Onun “Yoldan teleqramlar”, “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada”, “Gürzəçöl yazıları” adlı kitabları işıq üzü görüb.

“Mənim yaradıcılığım hamısı bir şeirdir”,- deyən Vaqif Səmədoğlu Azərbaycan Musiqisi və Ədəbiyyatına verdiyi böyük töfələrə görə “Xalq şairi”, “Əməkdar İncəsənət Xadimi” fəxri adlarına, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenlərinə və “Humay”, “Nəsimi” mükafatlarına layiq görülüb.

Ömrünü yazıb-yaratmağa həsr edən böyük sənətkar 76 yaşında ağır xəstəlikdən dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

Şairin ölümüdən sonra Səməd Vurğunun Ev Muzeyində onun həyat və yaradıcılığına həsr olunan ekspozisiya yaradılıb.

Şair kimi yox,

şeir kimi ölmək istəyirəm…

Oxunmaq arzusuyla

yaşayıram,

əvvədən axıra

kimi oxunmaq…

Əzbər qalmaq

istəyirəm

kiminsə,

yadında!

 

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: