Nəfəsi Qəmlo, baxışı Molla Sadıq

A- A A+

Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan sənətkar həm teatrda, həm də kinoda onlarla yaddaqalan obrazlar yaradıb. Onun ifasında təkcə rollar deyil, bütöv insan taleləri danışırdı. Dadaşovun sənətində intellektlə emosiyanın vəhdəti vardı. O, klassik və müasir aktyorluq məktəblərini sintez edərək özünəməxsus ifa tərzi formalaşdırmışdı.

“Axırıncı aşırım” filmində yaratdığı Qəmlo obrazı onun aktyor yaradıcılığının zirvələrindən sayılır. Qəmlo həm obraz olaraq, həm də sənət simvolu kimi yaddaşlara hopub sərt, barışmaz, taleyinə boyun əyməyən bir xalq adamı kimi. Bu rolda Məlik Dadaşov kinonun əsas dramatik yükünü daşıyır və tamaşaçıya obrazın dərin psixoloji qatlarını açmağı bacarır.

Tarixi keçmişimizə həsr olunmuş “Dəli Kür” filmində isə onun canlandırdığı molla Sadıq tamamilə fərqli bir xarakterdir. Məkrli, ziddiyyətli və bir qədər də ironik bu obraz aktyorun psixoloji ustalığını bir daha təsdiqləyir. Bu iki obraz Qəmlo və Molla Sadıq bir-birinə zidd görünsə də, hər ikisi Məlik Dadaşov sənətinin zənginliyini nümayiş etdirir.

“Ölülər” tamaşasındakı Şeyx Nəsrullah obrazı isə aktyorun səhnədə mənfi tiplərin klassik ifaçısı kimi tanınmasına səbəb olub. Amma Dadaşovun ifasında bu obrazlar yalnız mənfi deyil, həm də çoxqatlı və dramatik xarakterlərlə zəngin idi. Məhz bu məharətinə görə mərhum kinorejissor Tofiq Tağızadə də “O dünyadan salam” filmində Şeyx Nəsrullah roluna yenə onu dəvət etmişdi.

Aktyor həyatının son illərində Səməd Vurğun adına Rus Dram Teatrında çalışıb, bu teatrın direktoru kimi də fəaliyyət göstərib. Onun rəhbərliyi dövründə teatrın repertuarı zənginləşib, yeni yaradıcı qüvvələr səhnəyə cəlb olunub. 1980-ci illərdən etibarən isə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs deyib, gənc aktyor nəslinin yetişməsində mühüm rol oynayıb.

Məlik Dadaşov 1996-cı il dekabrın 2-də, 72 yaşında vəfat etsə də, Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət irsi ilə bu gün də yaşayır. Onun yaratdığı obrazlar, səhnəyə gətirdiyi insan taleləri, aktyor məharəti unudulmur. hər yeni nəsil onun sənətindən öyrənir, ilham alır.

Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: