Bu gün Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür

A- A A+

Görkəmli aktrisa Hökümə Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində anadan olub. Böyük bəstəkar Müslüm Maqomayevin aktirisanın dayısı olması onun teatr sahəsinə marağını yaranmasında başlıca rolu olub. Uşaqlığının böyük bir qismini dayısının evində keçirən Hökümə Qurbanova sənətə vurğunluq, səhnəyə sevgini həmin vaxtdan duymağa başlayıb.

İlk təhsilini Bakı şəhərində 38 saylı qız məktəbində alan Hökümə xanım sonra 33 saylı məktəbdə orta təhsilinə davam edib. Bakı Pedaqoji Texnikumunu bitirən aktrisa Azərbaycan Dövlət Konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində oxuyub. Təhsil aldığı dövrdə aktrisa böyük dramaturq Cəfər Cabbarlının təşəbbüsü ilə “Almaz” filmində Yaxşı roluna çəkilib.

Onun teatra yaxınlaşmasına səbəb Ələsgər Ələkbərov və İşçi Teatrı ilə tanışlığı olub. Hökümə xanım tez bir zamanda, çox gənc aktyorlar sırasında yer alsa da, öz istedadı ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb. 1932-ci ildə Ələsgər Ələkbərovla ailə həatı quran Hökümə xanım İşçi Teatrı Gəncə şəhərinə köçürülməsi səbəbindən onlarda gəncə şəhərinə köçüblər. Bir müddət burada fəaliyyət göstərən aktrisa sonradan Bakı şəhərinə geri qayıdıb. Aktrisanın yaradıcılıq taleyi Akademik Dram Teatrı ilə başlayıb. O, oynadığı rolları həyatda olduğu kimi canlandırmağı bacarıb. Özü yaradıcılığından söhbət açarkən qeyd edib ki,- “Mən oynadığım qəhrəmanların heç birinə bənzəmirəm. Axı onların hərəsi bir fərddir. Doğrudur, hadisələr, dramatik vəziyyətlər arasında bənzərlik, oxşar zahiri əlamətlər tapmaq mümkündür. Lakin bütün bunların müqabilində onlar bir-birindən fərqlənir və seçilirlər”.

Tamaşalardakı rollarından - Süleyman Sani Axundovun “Eşq və intiqam”ında Zöhrə, Səməd Vurğunun “İnsan”ında Səhər, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”ndə Günəş, Anatoli Boryanovun “O tayda”sında Valentina Nikolayevna obrazlarının ifası realist faciə janrında idi. Romantik-dramatik rollarından - Gülbahar (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Xuraman (“Vaqif”, Səməd Vurğun), Afaq (“Nizami”, Mehdi Hüseyn), Oliviya (“On ikinci gecə”, Vilyam Şekspir), Cenevrə (“Dərin köklər”, Ceyms Qou və Arno D'Nyusso), Şirin (“Fərhad və Şirin”, Səməd Vurğun), Nataşa (“Şərqin səhəri”, Ənvər Məmmədxanlı), Reyhan (“Cavanşir”, Mehdi Hüseyn) və müəyyən mənada Hermiona (“Qış nağılı”, Vilyam Şekspir) və digərlərini misal göstərmək olar.

Aktirisanı Azərbaycan Milli səhnəsinin misilsiz faciə aktirisası adlandıra bilərik. Coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar olan Hökümə xanım romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb.

Hökümə xanım “Qış nağılı”ndakı Germiona, “Nişanlı qız” da Bənövşə rolunu da çox gözəl oynayıb. “Antoni və Kleopatra”dakı Kleopatra rolunu isə böyük istedadla yaradıb. Onun “Sənsiz” tamaşasındakı Sevinc rolunu teatrşünaslar yaradıcılığının zirvəsi adlandırıblar. Aktrisa bundan əlavə, “Azərbaycanfilm”in istehsal etdiyi “Bir ailə” filmində Leyla, “Onu bağışlamaq olarmı?”da Kəmalə xanım , “Mən rəqs edəcəyəm” kinolentində Mahmudun anası, “İnsan məskən salır”da Ana rollarına çəkilib.

Ələsgər Ələkbərovdan ayrılan Hökümə xanım sonra teatrın baş rəssamı Nüsrət Fətullayevlə ailə qurub. Aktrisaının ikinci evliliyindən qızı Vəfaxanım dünyaya gəlib. Bu evlilikdən dünyaya gələn qızı aktrisanın ailə bağlarını daha da möhkəmləndirib. Hökümə xanım, sənət yolunun davamçısı olan qızı Vəfa Fətullayevanı erkən itirməsinə dözməyərək 1988-ci ildə ağır xəstəliyə tululub. O, Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, görkəmli aktrisa Hökümə Qurbanova fəaliyyəti dövründə iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Oynadığı uğurlu rollara görə aktrisa Azərbaycan Respublikasının Əməkdar artisti, Xalq artisti, və SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb.

Onun oynadığı rolların hər biri ayrıca yaradıcılıq məktəbi olub. Bu obrazlar illərin ötəsində qalsa da, yaddaşlardan silinməyib, xalqımızın qəlbində dərin izlər buraxıb.

 

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: