Bu gün Xalq artisti Hacıbaba Bağırovun doğum günüdür

A- A A+

Azərbaycan milli mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan Hacıbaba Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində anadan olub. Uşaq yaşlarından teatr sahəsinə böyük maraq göstərən Hacıbaba yolunu 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının nəzdindəki aktyorluq studiyasına salıb. O, yaradıcılıq fəaliyyətinə 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Gənc aktyor 10 il burada işlədikdən sonra Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olub. Burada fəaliyyəti dövründə Fuad (“Almas”), Şahsuvar (“Komsomol poeması”), Rəşid (“Anacan”) kimi müxtəlif səpgili rolları oynayıb. 1962-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1989-1996-cı illərdə özünün təşkil etdiyi Bakı Tənqid-Təbliğ Teatrında bədii rəhbər olaraq işləsə də, yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdaraq bədii rəhbər və direktor vəzifələrində fəaliyyət göstərib. Burada 26 il fəaliyyət göstərən Hacıbaba Bağırov Üzeyir Hacıbəyovun “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Z.Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, S.Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Ə.Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, E.Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli Könül”də Fərzəli, V.Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, S.Hacıbəyovun “Qızılgül”ündə Nadir, A.Məşədibəyovun “Toy kimindir?”ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın “Bankir Adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” triollogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi rollarda oynayaraq tamaşaçıların dərin rəğbətini qazanıb.

Azərbaycan gülüş mədəniyyəti tarixində yaradıcılığı ilə xüsusi yer tutan Hacıbaba Bağırov özünəməxsus yumorla oynadığı rollar musiqili komediya teatrımızın tarixinə həmişəlik daxil olub. Onun sənətinin əsas xüsusiyyətlərindən biri də incə məqamları komik canlandıraraq tamaşaçının sevgisini qazanmasıdır. Xalqımızın ən sevimli aktyorlarından biri olan Hacıbaba Bağırov çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Azərbaycan kinematoqrafiyasının inkişafına da öz töhfəsini verən Hacıbaba Bağırov kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar ilə tamaşaçının yaddaşında özünəməxsus yer tutub. Kino sahəsində də fəaliyyəti uğurlu olan aktyorun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni aktyor nəslinin yetişdirilməsində əvəzsiz xidmətləri olan Hacıbaba Bağırov müasir tariximizin ən ağır anlarında belə həqiqi vətəndaş mövqeyi nümayiş etdirərək Azərbaycan mədəniyyətinin zənginləşməsində əlindən gələni əsirgəməyib. Hacıbaba Bağırovun Azərbaycan mədəniyyətinin inkişafı yolunda göstərdiyi xidmətləri yüksək qiymətləndirilərək Respublikanın Əməkdar Artisti, “Azərbaycanın Xalq Artisti” fəxri adlarına layiq görülüb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 iyun 1998-ci il tarixli, 717 nömrəli Fərmanına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. Bundan əlavə, 2001-ci ildə “Bankir adaxlı” tamaşasına görə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Ömrünü Azərbaycan mədəniyyətinə həsr edən Hacıbaba Bağırov 2006-cı ildə vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

Gülüş yaradan aktyor olaraq xalqın düşüncəsində qalan Hacıbaba Bağırov hər zaman xatirələrdə səmimi çöhrəsi ilə yaşayır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: