Azərbaycan ədəbiyyatının "altmışıncılar" adı ilə qəbul olunan parlaq ədəbi nəslinə aid olan yazıçılardan biri də İsa Hüseynovdur. İsa Hüseynov çoxşaxəli yaradıcılığı, ədəbiyyatın bir çox janrlarında qələmə aldığı dəyərli əsərləri ilə öz müasirlərindən fərqlənməyi bacaran yazar olub.
1928-ci il 12 iyunda Ağstafa rayonunun Muğanlı kəndində anadan olan İsa Hüseynov ilk təhsilini doğulduğu kənddə alıb. Sonra Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olan görkəmli yazar təhsilini yarım qoyaraq, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olmaq üçün sənədlərini verib. Sonra təhsilinə Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam edib.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının Ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov sonralar jurnalda Nəsr şöbəsinin müdiri, kinostudiyada redaktor, baş redaktor, ssenari kollegiyasının üzvü və Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığa 1948-ci ildən başlayan yazıçı ilk olaraq hekayələri ilə diqqəti cəlb edib. Ədibin hekayələrində sadəlik, şirinlik, xalq ruhu oxucunun marağına səbəb olub. "Başa düşə bilmirəm", "İnciklik", "Cığırlar" hekayələrində mövzunu müəllif yaxından bələd olduğu, ruhuna hopdurduğu kənd həyatından alıb. Onun “Ana dil ötən yerdə” adlı oçerki 1949-cu ildə, ilk kitabı isə 1950-ci ildə nəşr olunub. Ədib müxtəlif illərdə “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitabları oxuculara təqdim edilib. Yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və sair filmləri ekran üzü görüb.
Yaradıcılığı ilə ədəbiyyatımızda milli bədii fikrin zənginləşməsində mühüm rol oynayan İsa Hüseynov nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub. Yazıçı altmış illik bir dövrdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Xalqının, millətinin ədəbi dəyərlərinin qorunmasında yorulmadan fəaliyyət göstərən yazıçı aydın mövqeyi, parlaq ziyası ilə hər zaman oxucusunu heyrətləndirib.
Akademik İsa Həbibbəyli ədibin povestləri haqqında danışarkən onun yaradıcılığının ilk mərhələsini bu cür qiymətləndirib: "İsa Hüseynov povestlərində həyatı roman miqyasında dərin və əhatəli şəkildə göstərmişdir. Onun əsərləri, xüsusən də hekayələri və povestləri insan və zaman haqqında yanar ürəklə deyilmiş yazıçı monoloqudur. "Doğma və yad adamlar" povestləri roman təəssüratı yaradır. İsa Hüseynov sözünü povest həcmində və lakin roman dərinliyində deməyin ustadıdır".
Həmin dövr ədəbiyyatımıza Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı, Fərman Kərimzadə, və müasir Azərbaycan oxucusunun qəbul etdiyi onlarla yazıçı, tənqidçi və yaradıcı adamlar bəxş edib. Onlar öz gəlişi ilə ədəbiyyatımızda səs saldığı kimi, yetəri qədər diqqəti cəlb etməyi və gündəmdə qalmağı da bacardılar. Müəyyən dövrdən sonra İsa Hüseynov öz yerini İsa Muğannaya verdi. Özünün də dediyi kimi, “ “İdeal” romanı və ondan sonra yazılmış bütün əsərlərdə İsa Muğanna İsa Hüseynovun deyə bilmədiklərini dedi. Amma diqqətli oxucu Muğannada da Hüseynovu tapmağı bacarır…”.
Bəşəriyyətin yazıçısı olan İsa Muğannanın əsərlərini oxuduqca başa düşmək olur ki, o, yalnız öz dərdlərini çəkmir. Onu məşğul edən problemlər yalnız Azərbaycanın, Azərbaycan xalqının problemləri də deyil. Onun dərdi bəşəriyyətin, insanlığın dərdləri ilə ortaqdır.
Görkəmli yazıçı 2014-cü il aprel ayının 1-də 85 yaşında Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə İsa Muğannanın bədii yaradıcılığı yüksək qiymətləndirilərək Azərbaycan SSR əməkdar incəsənt xadimi”, “Xalq yazıçısı” fəxri adlarına, “Qırğızıstan yazıçılar İttifaqı” diplom və prizi, “Şərəf”, “İstiqlal ordenlərinə, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və “Nəsimi” mükafatına layiq görülüb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 31 may tarixli Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkədə geniş şəkildə qeyd olunub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru