Kinomuzda “qoçu Əsgər”, “Qəmbər”, “Həmzə bəy” ... əsl adı isə Möhsün Sənani

A- A A+

Azərbaycan teatr sənətinə ömrünün 50 ilini həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biri olub. Bənzərsiz sənətkarlığı, fitri istedadı ilə oynadığı rollarla hər zaman simalarda təbəssüm yaradıb.

Familiyası Cəfərov, təxəllüsü Sənani olan Möhsün 1900-cü ildə Tiflisin "Şeytanbazar" məhəlləsində ruhani ailəsində anadan olub. 4-5 yaşında ikən ata-anasını itirən Möhsün nənəsinin himayəsində böyüyüb. O, ilk təhsilini mollaxnada alıb. Nənəsinin məqsədi Möhsünün gələcəkdə molla olub, atası kimi mərsiyəxan olması idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetirir. Nənəsinin vəfatından sonra xalası molla Zinyətin himayəsində yaşayan Sənani və bacısı böyük çətinliklə böyüyür. Odur ki, xalasına dəstək üçün Möhsün kiçik yaşlarından işləməli olur.

Yeniyetmə yaşlarında Tiflisə gələn artistlərin tamaşalarına böyük həvəslə baxan Sənanidə o zamandan səhnəyə böyük maraq yaranıb. O, həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verib və onları təqlid etməyə başlayıb. Bununlada o, özündə oxumaq qabiliyyətini inkişaf etdirib. Möhsün istedadını 1911-ci ildə ilk dəfə geniş izdiham qarşısında göstərib. Böyük həyəcan keçirsə də, onun çıxışı tamaşaçılara dərin təsir bağışlayıb. Bir il sonra o, kiçik həvəskarlar dərnəyinə qoşularaq birpərdəli povestlərdə özünü sınamağa başlayıb. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru Mirzəxan Quliyev olub. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun yüksək bacarıq və istedadının olmasına inandırıblar. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırıb. Bir müddət işsiz qalan Möhsünü yaxın bir gürcü dostunun atası Vano dayı tramvay parkında qulluğa düzəldib. O, burada aldığı maaşla özünü, bacısının ehtiyaclarını təmin etməklə yanaşı, xalasına da köməklik göstərib.

Həmin dövrdə Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstəriblər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyov və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olublar.

1915-ci ildə Möhsün Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və başqaları Tiflis truppasına cəlb ediliblər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırıbar. O, bu rolu çox böyük ustalıqla ifa edib. Bu tamaşadan Sonra maddi vəziyyətinin zəif olmağına baxmayaraq bütün peşələrdən əl çəkən Sənani, ancaq aktyorluqla məşğul olub. Tiflis teatrı truppasında çox məşhur sənətkarlarla - Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanovla birgə fəaliyyət göstərən Möhsün Sənani onların arasında ən gənc aktyor olub.

Gənc aktyor qısa zaman içərisində, Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın Mal Alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rolları ifa edib. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradaraq, ona həqiqi aktyor şöhrəti qazandırıb. O, beş ilə kimi Tiflis teatr truppasında çalışdıqdan sonra 1921-ci ildən Bakının teatr səhnələrində müxtəlif rollar ifa edərək tamaşaçı sevgisi qazanıb. Möhsün Sənani nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “O Olmasın, Bu Olsun”, “Sehrli Xalat”, “Dağlarda döyüş”, “Koroğlu” və sair bir çox filmlərini qeyd etmək olar.

Görkəmli aktyor Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə “Azərbaycan SSR əməkdar”, “Azərbaycan SSR Xalq artisti” fəxri adlarına, “Qırmızı əmək bayrağı”, “Xalqlar Dostluğu”, “Şərəf nişanı” ordenlərinə, “Əmək veteranı” və “Əmək igidliyinə görə” medalları ilə təltif olunub.

50 il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani 1981-ci il fevral ayında Bakı şəhərində vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: