1794-cü il iyun ayının 21-də Bakı şəhərinin Əmircan kəndində anadan olan Abbasqulu ağa Bakıxanov Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində dünyaya göz açıb. Səkkiz yaşına qədər Bakıda yaşayan Axundov uşaqlığınını Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib. Sonra o, atasının xanlıq taxtı uğrunda mübarizədə uduzması səbəbindən ailəsilə birlikdə Qubanın Amsar kəndinə köçməli olub. Burada təhsilini başa vuran Abbasqulu ağa 1819-cu ildə general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri tərcüməçisi vəzifəsinə təyin olunub. Tiflisə yerləşdikdən sonra onun bilik dairəsi daha da genişlənib. O, bu şəhərin gözəlliyini özünün “Tiflis” müxəmməsində ustalıqla təsvir edib. Mirzə Şəfi Vazeh tərəfindən yaradılan “Divani-hikmət” adlı ədəbi məclisin iştirakçısı olub. Abbasqulu ağa Bakıxanovun yazdığı şeirlər hələ sağ ikən dillər əzbəri olub. o, Qüdsi təxəllüsü ilə şeirlər yazaraq elm-sənət sahiblərinin nəzərini özünə cəlb etməyi bacarıb. Həmin dövrdə Tiflisdə yaşayan alman şairi Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində Mirzə Şəfi və Abbasqulu ağadan bəhs edərkən onun şairliyinə yüksək qiymət verib və şeirlərindən bir neçəsini alman dilinə tərcümə edib. Xüsusilə “Tatar nəğməsi” adlı şeirinin rus dilinə tərcüməsi müəllifə böyük şöhrət qazandırıb. Bu şeiri Abbasqulu ağa ilə yaxından tanış olan polyak şairi Lado Zablotski də polyak dilinə tərcümə edib. O zamanlar Tiflisdə yaşayan şair Polonski bu şeiri polyak dilindən rusçaya yenidən tərcümə edərək 1847-ci ildə “Zakavkazskiy vestnik” qəzetində nəşr etdirib. Polonski bu şeiri bir az da təkmilləşdirərək 1851-ci ildə özünün “Bir neçə şeir” adlı kitabçasına daxil edib. Aşiqanə deyişməyə bənzəyən “Tatar nəğməsi” şeiri yüksək sənətkarlıqla yazılan gözəl bir əsər kimi xalq arasında dillər əzbəri olub. Görkəmli şairin yaradıcılığının inkişafında rus şairləri ilə tanışlığın böyük rolu olub.
Klassik şeirlərin ədəbi ənənələrini davam və inkişaf etdirməklə bərabər yeni demokratik ədəbiyyatın banilərindən biri olan Abbasqulu ağa Bakıxanov xatirələrində qeyd edib: “Hər kəs hər hansı bir cəmiyyət içərisində yaşarsa, o cəmiyyətin əxlaqını mənimsər, yaxud o cəmiyyətə zidd olmaqda öz zərərini və ona yaxınlaşmaqda öz xeyrini güdər, özünü onlara bənzədər, daha burasını düşünməz ki, Uca Yaradan ona idrak qüvvəsi vermiş, ağlı yaxşını yamandan seçmək üçün təyin etmişdir ki, bu vasitə ilə heyvanlardan üstün olub seçilsin. Yoxsa bəşəriyyətə məxsus olan bu zahiri fayda və zərəri heyvanlar da hiss edirlər? Bu baxımdan arada insanı heyvandan ayıran bir fərq qalmaz. Belə olduğu təqdirdə, əql ilə təhqiqat aparmadan, həqiqi faydalı bir ümidin nədən ibarət olduğunu, baş verə biləcək şərri göstərən qorxunun nə olduğunu və ondan nə cür qorunmağın lazım gəldiyini, bu qorunmanın mümkün ola biləcəyini necə bilmək olar? Ona görədir ki, çoxları istəklərinin nə olduğunu özləri bilmədikləri halda, onu elə bir yerdən və elə bir şəkildə tələb edirlər ki, bunu əldə etmək mümkün olmur. Əldə etdikləri nəticə arzularının əksinə olduqda, bəxtlərindən küsürlər və özgələrini bunda müqəssir bilirlər: “Ürəyin tələbi nədir, əgər mətləb yoxsa, kimdən şikayət edirsən? Heç kəs səbəbsiz kədərlənməməlidir! Hamıdan pisi odur ki, Uca Yaradanı xeyrin mənası kimi zənn edərək, təqdirim, tədbirimlə uyğun gəlmədi” – deyirlər. Bəli, bütün bunların səbəbi onların öz nöqsanlarını bilmədikləridir. Bəlkə də özlərini nadan və pis hesab etmək istəmirlər. Mənim öz halım buna misal ola bilər. Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım, nöqsanlı olduğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işə və ya istədiyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Fəqət onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə tədqiqatım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə etməyə başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana çıxdı. Nəhayət, kefimin xoş bir çağında və yabançılardan uzaq olduğum bir zamanda insafı hakim edərək, özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, mənim təsəvvürlərim puç olub, nəfsimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun deyilmiş. Vaxtilə zehnim və zəkamın xudbinliyimə qalib gəldiyini bilmiş olsaydım, bu gün peşmançılığını çəkdiyim işləri görməzdim”.
Yaratdığı "Qanuni-Qüdsi", "Əsrarül-mələküt", "Təhzibül-əxlaq", "Eynül-mizan", "Gülüstani-İrəm" kimi əsərləri Bakıxanova böyük şöhrət qazandırıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri isə onun hərtərəfli bir alim olduğunu təsdiq edib.
Abbasqulu ağa Bakıxanov Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin də müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini "Təhzibül-əxlaq" əsərində qələmə alıb. 1833-cu ildə polşaya gedən Axundov Rusiyanın və Avropanın mərkəzi şəhərlərini gəzib-dolaşıb. Bir çox mədəni məclislərin qonağı olsa da, qəlbi həmişə öz doğma vətəni üçün döyünüb. O, özünün “Xəyalın uçuşu” adlı poemasında Avropanın cah-cəlallı məclislərində qəlbinin sıxıldığını, “Vətən” deyib qürbət yerdə gün keçirdiyini qeyd edib.
Alimin ən dəyərli əsəri uzun illər apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn "Gülüstani-İrəm"dir. Bu əsərlə o eyni zamanda Azərbaycan tarixşünaslığının əsasını qoyub. Azərbaycan və Dağıstan xalqlarının tarixindən bəhs edən "Gülüstani-İrəm" faktlarla olduqca zəngindir. Müəllif əsəri yazarkən bir sıra arxeoloji tədqiqatlar aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, "Avesta"dan, yaşlı nəslin nağıl və rəvayətlərindən, səyyahların yol qeydlərindən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, qədim Roma, Azərbaycan, Rus alimlərinin əsərlərindən istifadə edib.
"Gülüstani-İrəm" əsərində Nuhun tufanı, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti, İslam dövlətinin yaranması, ərəb qoşunlarının Azərbaycana gəlməsi, həmin dövrlərdə Şirvan və Dağıstanda baş verən hadisələr, monqol istilası, hülakülərin və teymurilərin hakimiyyəti, Səfəvi dövlətinin yaranması, Şirvanşahlar sülaləsi, "Gülüstan" adlı yerdə Rusiya və İran arasında sülh müqaviləsinin bağlanmasına qədər olan geniş bir tarixi dövrü əhatə edib. Bakıxanov 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması mərasimində tərcüməçi kimi iştirak edib.
Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru