XX əsr Azərbaycan ədəbiyyatına incə ruhu, zərif təbiəti, ictimai fikirləri ilə gələn şairlərimizdən biri də Nigar Rəfibəylidir.
Nigar xanım 1913-cü il iyun ayının 23-də Gəncə şəhərində anadan olub. Orta təhsilini burada başa vuran gənc şairə sonra Bakı Pedaqoji Texnikumunda və Fəhlə-gənclər məktəbində təhsilini davam etdirib. Ali təhsilini Moskva Pedaqoji İnstitutunda alan şairə əmək fəaliyyətinə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor olaraq başlayıb. Bir müddət sonra isə o, “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor olaraq fəaliyyətinə davam edib.
13-14 yaşından yaradıcılıqla məşğul olan Nigar Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. İlk şeiri ədəbi mühitdə böyük rəğbətlə qarşılanan şairənin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda Nigar xanımın yaradıcılığında Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.
Gənc şairəmiz yaradıcılığının ilk illərində başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyərək öz əsərlərində bu hadisələrdən bəhs edib. Buna “Dolores İbarriru” və “Cəmilə” şeirlərini misal çəkə bilərik. Bu şeirlər ispan xalqının faşizmə qarşı və Əlcəzair xalqının milli-azadlıq mübarizələrinə həsr olunub.
Həyatda və yaradıcılıqda mübarizələrlə dolu ömür yaşayan Nigar xanım qorxmaz, cəsur şair olaraq Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaratdığı əsərlərin əsasını təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları təşkil edib. Onun “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan”, “Zəfər nəğməsi”, “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” həmin mövzuları əhatə edən kitabları nəşr olunub.
Körpə balaları da yaradıcılığında unutmayan Nigar xanım, onlar üçün böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır” və sair kitabları balaca oxuculara həsr olunub.
Görkəmli şairənin bir çox şeirlərinə musiqi bəstələnib və tanınmış müğənnilər tərəfindən ifa olunub.
Nigar Rəfibəylinin ədəbi yaradıcılığına tərcümə əsərləri də daxildir ki, o, həm bu, həm də yaradıcılıq sahəsində böyük sənətkarlıq nümunəsi yaradıb. Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanımın tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.
Qeyd edək ki, Nigar Rəfibəyli Xalq şairi Rəsul Rzanın həyat yoldaşı, Xalq yazıçısı Anar Rzayevin anasıdır.
Onun ömrünü həsr etdiyi əmək fəaliyyəti və yaradıcılığı yüksək qimətləndirilib. Görkəmli şairə “Şərəf nişanı” ordeninə, “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi”, “Azərbaycan SSR xalq şairəsi” fəxri adlarına, Azərbaycan SSR Ali Sovetinin “Fəxri Fərmanına” layiq görülüb.
Yaradıcılığı ilə xalqın sevgisini qazanan Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
İllər ötsə də, şairə qoyduğu ədəbi izlə yaşayaraq, qəlbləri yenə də, fəth edəcək. Böyük sevgi ilə anırıq.
Sevgi ilham kimidir:
Təmiz, yüksək, müqəddəs...
xoşbəxtdir,
Məhəbbət duyğularıyla
Könüldən-könülə
bağlanan hər kəs.
Sevənlərin xətrinə
Dəyməyin, insanlar.
Sevgi
insan ömrünə
insan ümidinə
gətirir bahar.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru