Milli geyimlərimiz - FOTOLAR

A- A A+

Azərbaycan XVII əsrdə Yaxın Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınırdı və Ordubad Azərbaycanda diqqətçəkən ipəkçilik məntəqələrindən idi. Burada ipəkdən çox qəşəng, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunurdu. Geyimin üslubu onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və cəlbedici geyinərdilər. Kişi və qadın geyimlərı yiyəsinin mənsub olduğu zümrəni əks etdirirdi. Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. Qadın geyimi XIX əsrdə, XX əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi. Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarətdir. Qadın çiyinüstü geyimi üst köynəyi, arxalıq və çəpkən dəstidir. Üst köynəyinin üz biçimi, çiyini tikişsiz və rəngbərəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və ipək parçalardan tikilirdi.Aşağıda onlardan bir neçəsi haqqında məlumat veririk.

Çəpkən – çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.

Baharı – sırıqlı astarda qadın çiyinüstü üst geyimidir. Əsasən məxmərdən tikilirdi.

Eşmək – qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları safsar xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzədilirdi.

Qadın bel üst geyimi –bir neçə tumandan, cütbalaqdan və çaxçurdan ibarət idi. Şəhərlərdə qadınlar evdən çıxanda tumanın üstündən çaxçur geyərdilər.

Kişi milli üst geyimi – üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlas, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi.

Çuxa – içi tüklü qoyun dərisindən tikilmiş düyməsiz, naxışlı kürkdür.

Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar daxil idi. Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları aiddir. Qadın zərgərlik məmulatları onların tədbiqinə uyğun olaraq, baş, boyun, döş, bel, bilək hissələrinə bölünür.

XIX əsrin sonu-XX əsrin əvvəllərində naxış tikmələr üçün istifadə olunan parçalar yerli istehsala aid qanovuz, darayi və məxmər idi. Naxış tikmək üçün ipək, yun saplar və yerli istehsala aid möhürlü nişancıqlardan istifadə olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə seçilirdi. Azərbaycan naxışlarının ən çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq və meyvə ağaclarının çiçəkləri, eləcə də müxtəlif formalı sünbül və yarpaqlar idi. Naxışların həndəsi şəkilli bəzəkləri düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli gülşəkilli bəzəklər, kiçik romblar, ulduzlar və rəmzi günəş təsvirlərindən ibarət idi. 

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: