Zərif bir xanımın nəcib əl işləri - FOTOLAR

A- A A+

Bəzən bir sənətkarı tanımaq üçün onunla saatlarla danışmağa ehtiyac yoxdur. Bir parça, ip, tel, səbət, çiçək... əllə hazırlanan və toxunan hər detal sənətkarın ruhunu bizə danışır. Elə haqqında məlumat verəcəyimiz Gülnisə Malik qızı kimi...

Culfa Rayon Mədəniyyət sarayının mədəni təşkilatçısı Gülnisə Malik qızı Quliyeva 2013-cü ildən çalışaraq bacarıqlı istedadı ilə mədəniyyət sahəsinə öz töhfələrini verib. O, maraqlı dekorativ əsərlərini incəsənətin çox nadir hesab edilən növlərindən biri olan filoqrafiyadan istifadə edərək yaradıb. Bu əsərlərə baxanda onun bacarıqlı əlləri ilə sözün əsl mənasında möcüzələr yaratdığının şahidi oluruq.

Onunla yaxından tanış olub, yaradıcılığı haqqında geniş məlumat alırıq.

Siz peşəkarsınız, yoxsa sənətkar?

-Bu sualın hər ikisi üçün, heç biri deyərdim. Mən həvəskar, bacarıqlı xanımam. Öz üzərimdə hələ də işləyib, yaratdığım bu əsərlərə yeniliklər gətirməyə çalışıram. 7 ildir ki, bu sahədə əl əməyi, göz nurumla fəaliyyət göstərirəm. Bu illər ərzində bir çox festivallarda iştirak edib və yaradıcılıq müsabiqələrində qalib olmuşam. Əl işlərimə görə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yüksək qiymətləndirilərək fəxri fərman və diplomlarla təltif olunmuşam. Bunlara 2018-ci ildə muxtar respublikamızın İslam mədəniyyəti elan olunması ilə bağlı yaratdığım əl işim, Vətən müharibəsinə həsr etdiyim “Xarıbülbül”, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyim imza, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr etdiyim əl işlərim aiddir.

Bu yaradıcılıq sizdə genetikdir, yoxsa mistik dünyanızdan qopub gəlir?

-Bu sualın çox dərin cavabı var. Deyərdim ki, hər ikisi, ancaq əsas gendən yarandığını bildirməliyəm. Çünki, mənim nənələrimin hər ikisi, anam və xalalarım, bibilərimində də çox güclü yaradıcılıq qabiliyyəti olub. Onların tikib toxuduqları əl işlərini uşaq yaşlarımdan mənimsəmişəm. Bu gün bu istedadımın əsasını onlara borcluyam.

Əgər insan deyil əşya olsaydınız, yaratdıqlarınızdan hansı olmaq istəyərdiniz?

Mən çiçəkləri çox sevirəm. Əl işlərimin böyük bir qismini çiçələrdən yaratdığım səbətlər təşkil edir. Onları əsasən, istifadə olunmuş çərəz və balıqqulağından hazırlamışam. Onlara hər baxışımda xoş aura alıram. Ona görə də, səbətdə çiçək olmaq istəyərdim.

Sizin bu əsərlərinizdə milli mentallıq var?

Bəli, bilirsiniz mənim adını daşıdığım nənəm Qərbi Azərbaycanın Qafan rayonundan olub. Onlar orada Pirdağ kəndində yaşayıblar. 1918-ci ildə yurdlarından köçməyə məcbur qalaraq Ordubad rayonunda məskunlaşıblar. Mən onların əhatəsində böyüdüyüm vaxtlarda nənəm hər zaman doğma torpaqlarının adət-ənənələrini yaşadaraq, tikib-toxuduğu hər bir əşyada bu izləri qoruyub-saxlayıb. Onun toxuduğu xalça naxışlarında da yurduna məxsus naxışlara rast gəlinir. İndi ondan mənə tikdiyi fənər örtüyü və toxuduğu açarlıqlar yadigar qalıb. Mən bunları sevərək qoruyub saxlayıram.

Gülnisə xanımın əl işləri ilə bağlı son arzusu nədir?

Son arzum ən əsası sağlamlıqdır. Bilirsiniz mən uzun müddətdir nəfəs darlığı xəstəliyi ilə mübarizə aparıram. Ağır xəstəlik olsa da, gördüyüm işlər məni bir an bu vəziyyətimi unudub, yaratmağa həvəsləndirir. Hətta burada “Bacarıqlı əllər” dərnəyi də açmışam qızlara gördüyüm hər bir əl işini öyrədirəm. Gələcəkdə də səhhətim yaxşı olarsa, yaradıcılığımı daha da inkişaf etdirib, dərnəyimi böyütmək niyyətindəyəm.

Geniş və maraqlı müsahibə üçün çox sağ olun. Sizə ən əsası can sağlığı, yaradıcı işinizdə isə uğurlar arzulayırıq.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: