Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Muzeyində növbəti açıq dərs “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusuna həsr olunub.
Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən dərsdə 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasından danışılıb. Şagirdlərə 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında məlumat verilib. Bildirilib ki, 1995-ci il noyabrın 12-də referendumla qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirib.
Qeyd olunub ki, Naxçıvanın muxtariyyət statusu və buna əsasən yaradılan Naxçıvan Muxtar Respublikasının ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyəti olub. Müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll edən ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə yönələn cəhdlərin qarşısını böyük qətiyyətlə alıb və onu bir daha möhkəmləndirib.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə də tanış olublar.
Ərhan Novruzov