NUHÇIXAN xəbər verir ki, beynəlxalq onlayn media platforması olan www.eureporter.co saytında "Nakhchivan: one of the world's most sustainable places" (Naxçıvan: dünyanın ən dayanıqlı yerlərindən biri) adlı geniş məqalə dərc olunub. Məqalədə Azərbaycanın muxtar respublikası olan Naxçıvanın həm tarixi, həm də ekoloji baxımdan diqqətçəkən xüsusiyyətlərinə geniş yer ayrılıb.
Məqalədə vurğulanır ki, çoxzolaqlı və müasir yolları ilə seçilən Naxçıvan şəhəri səyahətçilər üçün olduqca cəlbedici məkandır. Macəra axtaran turistlər bu şəhəri tərk edərkən xoş təəssüratlarla ayrılır, yerli sakinlərin qonaqpərvər və səmimi münasibəti isə xüsusi qeyd olunur.
Şəhərdə fəaliyyət göstərən çoxsaylı muzeylərin, demək olar ki, hamısına girişin pulsuz olması da müəllif tərəfindən təqdirəlayiq hal kimi təqdim olunur. Bu muzeylər arasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş Heydər Əliyev Muzeyi xüsusi yer tutur. Muzeydə 5000-dən çox eksponat nümayiş etdirilir və bu eksponatlar vasitəsilə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ziyarətçilərə ətraflı məlumat verilir.
Məqalədə, həmçinin Naxçıvan memarlıq məktəbinin banisi, məşhur memar Əcəmi Naxçıvaninin əsərləri, o cümlədən Möminə xatun türbəsi və Yusif Küseyir oğlu türbəsi haqqında geniş məlumat yer alıb. Qeyd edilir ki, bu türbələr Şərq memarlığının inciləri olmaqla yanaşı, Azərbaycanın milli irsinin parlaq nümunələridir.
Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edildiyi xatırladılır və şəhərdə yerləşən, 6500 nəfərlik tutuma malik Heydər məscidi də bu mədəniyyətin təcəssümü kimi təqdim olunur.
Məqalədə qədim yaşayış məskəni olan Ordubad rayonundakı muzeylər, eləcə də təbii gözəllikləri ilə seçilən Göygöl haqqında da məlumat verilir. Qeyd olunur ki, Göygöl son zamanlar UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Gölə aparan dağ yolları səyahətsevərlər üçün əsl macəra vəd edir.
Təbiət möcüzələri ilə zəngin olan bölgədə Batabat gölü, onun "üzən ada" fenomeni, eləcə də 250-dən çox mineral su mənbəyi – xüsusilə "Sirab" və "Badamlı" suları haqqında məlumatlar da oxucularla paylaşılır.
Naxçıvanda yerləşən və müalicəvi xüsusiyyətləri ilə tanınan “Duzdağ” mağarası da məqalədə xüsusi vurğulanır. Bildirilir ki, burada bronxial-astma və xroniki bronxit kimi xəstəliklərin müalicəsi üçün şərait yaradılıb və sağlam insanlar belə bu mağaraya maraq göstərirlər.
Bölgənin təhsil potensialı da diqqətdən kənarda qalmayıb. Məqalədə qeyd olunur ki, Naxçıvan Dövlət Universitetində İran, Türkiyə, Banqladeş və Nigeriyadan olan çoxsaylı əcnəbi tələbələr təhsil alır.
Naxçıvanın yerli mətbəxi və kulinariya ənənələri də oxucuların diqqətinə çatdırılıb. Xüsusilə “Qayğanaq” adlı şirniyyat və qoz, şəkər tozu ilə doldurulmuş qurudulmuş ərikdən hazırlanan “Alana” xüsusi dad olaraq qeyd olunub.
Tarixi məkanlar arasında Culfa rayonunda yerləşən və “Naxçıvanın Machu Picchu”su adlandırılan Əlincə qalası da diqqət çəkir. Yerli əfsanələrdən biri isə Nuhun gəmisinin “İlandağ” zirvəsinə endiyi barədədir – dağın zirvəsindəki parçalanmanın gəminin izi olduğuna inanılır.
Sonda müəllif qeyd edir ki, Naxçıvan həm qədim mədəniyyət mərkəzi, həm də Azərbaycanın və bəlkə də, Qafqazın ən təmiz şəhərlərindən biridir. Məqalədə Naxçıvanın təbiətinin, mədəniyyətinin və insanların səmimiyyətinin bu bölgəni dünyanın kəşf edilməyə layiq ən unikal yerlərindən birinə çevirdiyi vurğulanır.