Orta əsrlərin sonlarında öz şeirləri ilə seçilən şair qadınlarımızdan biri də Heyran xanımdır. Bu şair qadın ədəbiyyat tariximizə Heyran xanım Dünbuli kimi düşüb.
Tarixi mənbələrdə onun haqqında az da olsa məlumatlar qalıb. Belə ki, Heyran xanım XVIII əsrin sonlarında Dünbuli Kəngərli xanları ailəsində Naxçıvanda doğulub. Elə burada da təhsil alıb, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənib. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan Təbrizə köçürülüb.
Doğma yurdundan və yaxın adamlarından ayrı düşən Heyran xanımın həyatı kədərli keçib. O, həmişə zəmanədən, adamların vəfasızlığından, özünün qürbətdə tək-tənha qalmasından gileylənib, yaşadığı Təbriz şəhərini "guşeyi-zindan" adlandırıb. Ömrü iztirablar içində keçən şairəşeirlərinin birində o, öz vəziyyətini təsvir edərək yazır:
Belim büküldü,qara saçlarım ağardı mənim,
Qocalmışam bu cəfakar çərx əlindən, aman.
Şairənin ömrünün sonları daha kədərli keçib. Ailə ixtilafları və narazılıqları ona ağır təsir göstərir, getdikcə səhhəti pisləşir. Heyran xanım 1848-ci ildə Təbrizdə vəfat edir və orada dəfn olunur.
Yaradıcılığında klassik poeziya üslubunu davam etdirən Heyran xanım əsərlərini İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əlican Qövsi kimi klassik Azərbaycan şairlərinin ədəbi təsiri ilə yazıb.
Təmiz, insani məhəbbətin tərənnümü, ayrılıq dərdi, hicran aləmi, vüsal arzusu onun şeirlərinin əsas mövzusudur. Böyük sələflərinin yaradıcılıq yolunu davam etdirən Heyran xanım gözəlliyi ehtirasla tərənnüm edir, müasirlərini mənəvi-əxlaqi təmizliyə çağırırdı. Şairənin fikrincə həqiqi gözəllik ağılla ölçülür. Gözəlliyin birinci meyarı ağıldır. Camalı gözəl olanların ağlı, kamalı da gözəl olmalıdır. Şairə məsnəvilərinin birində yazır:
Neçə şərt ilə ölçülərsə camal,
Şərt-əvvəldir hüsnə əqlü kamal.
Hər cavanda ki, var camal yəqin,
Olmalı onda həm kamal yəqin.
Heyran xanımın ictimai motivli şerlərində öz zəmanəsindən şikayət, cəmiyyətdəki sosial bərabərsizliyə, qadın hüquqsuzluğuna qarşı etiraz nidaları güclüdür.
İstedadlı şairənin əsərləri janr, üslub, bədii sənətkarlıq keyfiyyətləri baxımından zəngindir. O, klassik poeziyanın qəzəl, müxəmməs, müstəzad, rübai, tərcibənd janrlarında, habelə məsnəvi formasında əsərlər yaradıb, lirik qəhrəmanın daxili aləmini, sevinc və kədərini dərindən açmaq üçün təşbeh, istiarə, təzad, təkrir, mübaliğə kimi bədii təsvir və ifadə vasitələri işlədib, ədəbiyyatımızı yeni keyfiyyətlərlə zənginləşdirib.