Qasım bəy Zakir: Realist düşüncənin mahir söz sənətkarı

A- A A+

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

Zakirin satirasında ən sərt tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. O, müxtəlif mövzularda yazdığı "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələrində bu tənqidi yanaşmanı açıq şəkildə ortaya qoyur. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir edilir.

Şairin realist yaradıcılığında təmsillərinin xüsusi əhəmiyyəti var. "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adlı təmsilləri çap olunmuşdur.

Zakir bu təmsilləri yazarkən, ilk növbədə şifahi xalq ədəbiyyatında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyada yer alan — Nizami, Cəlaləddin Rumi və Füzuli kimi sənətkarların təmsillərindən bəhrələnmişdir.

Görkəmli şairin yaradıcılığında mühüm yer tutan "Durnalar" şeirini Bakıda sürgündə olarkən yazmışdır. Vətənə olan sevgisini və həsrətini bu misralarla ifadə etmişdir:

Diyari-qürbətdə müddətdir varam,
Gecə-gündüz canan deyib ağlaram,
Mən də sizin kimi qəribü zaram,
Eyləməyin məndən haşa, durnalar!

Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilib.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: