Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

A- A A+

Avqustun 16-sı Azərbaycanın görkəmli ədibi, Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.

NUHÇIXAN xəbər verir ki, Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində dünyaya gəlib. Orta təhsilini Bakıda başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.

Onun bədii yaradıcılıq yolu 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeiri ilə başlayıb. Şairin lirik şeir və poemalarında, mənzum pyeslərində dövrün ictimai-siyasi və mənəvi problemləri lirik-fəlsəfi çalarlarla təsvir olunub. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uğurla tamaşaya qoyulub.

Bəxtiyar Vahabzadə həm də ədəbiyyatşünas-tənqidçi idi. Uzun illər Bakı Dövlət Universitetində professor vəzifəsində çalışıb, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, sonra isə həqiqi üzvü seçilib. 1981-ci ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinə üzv seçilib, Azərbaycan Yazıçılar İttifaqının da fəal üzvlərindən olub.

Ədəbi-bədii prosesin fəal təbliğatçısı kimi tanınan şair həm də ictimai-siyasi xadim idi. O, müxtəlif illərdə Bakı şəhər Sovetinə, Azərbaycan Ali Sovetinə, həmçinin 1995 və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Bəxtiyar Vahabzadə milli azadlıq hərəkatının öncüllərindən sayılır. Onun 1958-ci ildə yazdığı “Gülüstan” poeması parçalanmış Azərbaycanın faciəsini qələmə alaraq xalqın istiqlal mübarizəsini tərənnüm edib. Bu əsərə görə şairə “millətçi” damğası vurulmuş, 1962-ci ildə Bakı Dövlət Universitetindən uzaqlaşdırılmış, yalnız iki ildən sonra işinə bərpa olunmuşdu.

O, 70-dən çox şeir kitabının, 20-dən artıq poemanın, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. Əsərləri ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar dillərinə və digər xalqların dillərinə tərcümə olunub. Yaradıcılığının əsas mövzularını vətən, azadlıq, dil, millət, ailə və təbiət təşkil edib.

Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında Bakıda vəfat edib.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: