Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində 142 illik tarixi boyu həmişə maraqlı tamaşalar olub və olacaq. Niyə bu qədər inamla “olacaq” deyirəm? Çünki bu teatrın təməli o qədər sağlam qoyulub ki, dünya teatrlarında gedən müasir proseslər mütləq şəkildə burda da az bir zamandan sonra öz əksini tapır.
Teatrın əsas siması aktyordur, bu birmənalı şəkildə təsdiq olunub. Çünki aktyor olmasa nə musiqi, nə dekor, nə də əsər yoxdur. Pyesi ərsəyə gətirən, hadisələrə “can-qan verən”, qeyri-maddidən maddiyə çevirən, obrazı şəxsiyyətə döndərən aktyordur. Rəhmətlik Vaqif İbrahimoğlu demişkən “amma və lakin..”
...Müasir teatrda yaranan rejissor tandemi artıq bu məsələyə bir qədər fərqli baxmağa məcbur edir. Çünki K. Stanislavskidən başlayaraq teatr cəmiyyətlə bərabər, günbəgün, saatbasaat, hətta anbaan inkişaf edir. Stanislavskinin tələbələri və ondan təsirlənən əcnəbilər yeni teatr üslubları, axınları, formaları da tapdılar. Axı teatr cəmiyyətin bir üzvü, ona canlı olaraq özünəbaxmaq, özünü kənardan izləmək imkanı yaradan bir qüvvədir. İndi YAXŞI aktyorların təqdim etdiyi YAXŞI tamaşaların arxasında mütləq YAXŞI rejissor işi dayanır. Şükür eləməli haldır ki, bu gün Naxçıvan Teatrında da bu görünür. Son illər teatrda yaranan yeni, uğurlu yaradıcı münasibətin və hətta yanaşma tərzinin arxasında dayanan bir adam var- Teatrın direktoru və eyni zamanda, baş rejissor vəzifəsini icra edən yaradıcı gənc Mir Qabil Əkbərov.
28 yaşlı Mir Qabil Əkbərovun 142 yaşlı teatrda son illər rejissor kimi hazırladığı tamaşalar təkcə səhnə əsəri deyil, həm də cəmiyyəti düşündürən fəlsəfi bir çağırışdır. Düzdür, 1960-cı illərdə Baxşı Qələndərli, 1970-80-cü illərdə Vəli Babayev də quruluş verdiyi tamaşalarla Naxçıvan teatrının rejissorluq ənənələrini müasir dövrün teatrı ilə ayaqlaşmağa şərait yaratmışdılar. Onlar da öz zamanında peşəkar rejissor kimi fərqli yeniliklər gətirə bildilər. Amma onların dövrlərində teatr daha çox sovet sosializm-realizmini təbliğ etdiyi üçün bu sənətkarların potensialları müəyyən sərhədlərdə məhdudlaşdı. Düzdür, Vəli Babayev öz istedadı ilə qurduğu tamaşalarda illər sonraya mesajlar verə bildi.
Müasir dövrdə rejissor olmaq həm də geniş imkanlardan, əsər və üslub seçimində sərbəstlik Naxçıvan Teatrında rejissorluğun yeni münasibətlər kontekstində inkişafı üçün zəmin yaradır. Bundan faydalanmaq isə sözsüz ki rejissordan öz işini peşəkar bilmək tələb edir. Mir Qabil Əkbərov isə doğurdan da peşəkar bir rejissordur. Düzdür, Naxçıvan Teatrı müstəqillik illərində daha çox “aktyor teatrı” kimi tanınırdı. Güclü aktyor truppası qurulan tamaşalarda rolun öhdəsindən uğurla gələ bilirdi. Amma peşəkar rejissorsuz teatr düz yolda hərəkət edən sürücüsüz avtomobilə bənzəyir. Nə zamansa aşağı sürətlə gedib dayanmağa məhkumdur. Teatr indi əsl “rejissor və aktyor” teatrıdır. Hətta birinci tərəzinin gözündə özünün çəkisini bir qədər üstələyir.
Mir Qabil Əkbərov xalq artisti, Naxçıvan Teatrının gözəl aktrisası Yasəmən Ramazanovanın oğludur. Ailədən gələn sənət ənənəsi və yeniyetməliyində Naxçıvan Dövlət Kukla Teatrında aktyor kimi işləməsi onun gələcək taleyini həll edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor təhsili alıb. Kurs rəhbəri tanımış rejissor Mehriban Ələkbərzadə olub. Hələ tələbəlik illərində yaratdığı “Şah-Mat” Teatrı repertuarında dünya klassiklərinin əsərlərini ənənəvi, uzun illər teatrların səhnələrində görməyə adət elədiyimiz üslubdan fərqli, yəni müasir teatrın tələb etdiyi şəkildə qurub. Absurd, amansız teatr, yoxsul teatr, orta oyunu kimi üslublar indi dünyanın bütün teatrlarının səhnəsində təqdim edilir. Maraqlı burasıdır ki, bu üslublar artıq son 3 ildə Naxçıvan Teatrında da özünü göstərir. Mir Qabil Əkbərovun quruluş verdiyi V. Hüqonun “Edama məhkumun son günü”, J.B. Molyerin “Skapenin kələkləri”, P. Ünalpın “Spiral”, S. Bekxetin “Qodonun intizarında”, Q. Qorinin “Herostratı unudun” və s. kimi tamaşaları dünya teatr səhnələrində nümayiş etidirilməyə layiq oyunlardır. Hətta milli dramaturgiya nümunələrinə verdiyi quruluş da tamamilə fərqli rejissor yanaşması ortaya qoyur. Mirzə Cəlilin “Ölülər” əsərində İsgəndərin sonda dediyi monoloqu əsərin əvvəlində Cəlala dərs verən müəllimlə “bölüşməsi” Azərbaycan teatr sənətində bir yenilikdir. Çünki o çağlarda bizim müəllimlər davamlı olaraq cəhalətin basqısı altında tək qaldıqlarından bəzən mübarizədən çəkinib öz sözlərini deyə bilmirdilər. Mir Qabil isə öz quruluşunda bu imkanı müəllim üçün yaratdı.(Dolayı yolla elə müasir müəllimlərə də aid eləmək olar, haradasa). Əslində, Mirzə Cəlilin bu əsərindəki qəhrəmanı kefli olan İsgəndər deyil, uşaqlara savad öyrədən bir müəllim də ola bilərdi. Hər halda, rejissor bu cür düşünür və buna “postdramatizm” deyilir.
Mir Qabil Əkbərovun dahi Üzeyir Hacıbəyovun 140 illiyinə həsr etdiyi “O olmasın, bu olsun” komediyası da indiyə qədər izlədiyimiz tamaşalardan fərqli düşüncə və quruluşda verilib. Səhnədə böyük bir gözlük var. Bu dəfə rejissor və oyunçular zala səhnədən sanki bu gözlüyün arxasından baxırlar. Maraqlıdır, görəsən tamaşaçılar heç səhnədən zala, yəni özlərinə baxmaq istəyiblərmi? “O olmasın, bu olsun”da Mir Qabil Əkbərov 50-yə qədər adamı: personajları, xoru, kütləni səhnəyə toplayır (üstəgəl 20 nəfər Naxçıvan Dövlət Filarmoniyasının orkestri. Yeri gəlmişkən, bu Naxçıvan Teatrının Naxçıvan Filarmoniyası ilə ilk birgə layihəsidir) və onlar Məşədi İbadın başına açılan “oyunu”, eyni zamanda əsərdə söhbəti keçən mövzuları bir başa izləyirlər. Yəni, hər şey əslində bizim gözümüzün qabağında baş verir. Bizsə sadəcə seyrçi qalırıq.
Tamaşanın ictimai baxışında yanaşmaların haçalanması yeniliyin daha bir sübutu idi. “O olmasın, bu olsun” məşhur filmindəki kimi əsəri təsəvvürlərində “klişeləşdirənlər” rejissorun yeni, özünəməxsus şəkildə, Üzeyir Hacıbəyov yaradıcılığının daha incə qatlarına enərək oradakı indiyə qədər gizli qalan mesajları tapıb, fərqli şəkildə təqdim etdiyi fikrlərin bəzilərini qəbul edə bilmədilər. Mir Qabil Əkbərovun gətirdiyi və onunla bir neçə ildir işləyən, “müasir teatr” anlamını qəbul edən bütün aktyorların hamısı artıq obrazları tamamilə yeni şəkildə təqdim etdilər. Rejissorun fikrinə uyğun. Yalnız bir obrazı daha çox onu bəyəndilər. O da filmdəki ilə eyni olduğu üçün! Düzdür, yeniliklər həmişə çətinliklə həzm və qəbul olunur. Amma adı yenə də “yenilikdir”. Mir Qabil Əkbərov tərəfindən ilk addımlar atılıb. Nəticədə isə qazanan Naxçıvan Teatrı və tamaşaçı olur.
....Çox yazardım, rəhmətlik Vaqif İbrahimoğlu demişkən “amma və lakin..” belə bir fakt da var ki, müasir oxucu 700 kompüter işarəsindən artıq olan yazıları oxumaq istəmir. Naxçıvan teatrındakı yenilikləri, maraqlı tamaşaları ancaq sentyabr ayının 13-dən start veriləcək yeni mövsümdə gəlib görmək olar.
Doğurdan, niyə yazdım bunları? Hə, avqust ayının 17-si Mir Qabil Əkbərovun doğum günüdür. Təbrik edirəm!
P.S. Yazının başlığına gəlincə, bəzən rejissorluq edən, amma zəif rejissor olan aktyorlar bu ifadə ilə özlərinə təsəlli verirlər: “Ən yaxşı rejissor aktyordur”. Yox, “rejissor HƏM DƏ AKTYOR olanda onu aldatmaq olmur”- bunu da Mir Qabil Əkbərov deyib.
Səməd Canbaxşiyev,
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti