NUHÇIXAN xəbər verir ki, avqustun 19-da Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 113-cü ildönümüdür.
Mirvarid Dilbazi 1913-cü ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atasını erkən itirdiyindən uşaqlığı Daş Salahlıda babası Mustafa ağanın himayəsində keçib. 1920-ci ildə Bakıda darülmüəllimata daxil olub, daha sonra müxtəlif məktəblərdə müəllimlik edib. Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb, “Şərq qadını” jurnalında, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar Fondunda və Dövlət Nəşriyyatında çalışıb.
Şairin ilk şeiri – “Qadınların hürriyyəti” 1927-ci ildə, ilk kitabı – “Bizim səsimiz” 1934-cü ildə nəşr edilib. Onun “İlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Yasəmən fəsli”, “Ana qanadı”, “Seçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, “Nağıllar” və digər kitabları Azərbaycan ədəbiyyatında xüsusi yer tutur.
Mirvarid Dilbazinin yaradıcılığı lirik və ictimai məzmunlu şeirlər, poemalar, pyeslər və tərcümələrlə zəngindir. O, klassik və müasir şairlərin, o cümlədən Nizami Gəncəvi, Əlişir Nəvai, Puşkin, Şevçenko və Evripidin əsərlərini dilimizə çevirmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuş, bəstəkarlar onun sözlərinə mahnılar bəstələmişdir.
Əsərlərində təbiət, qadın dünyası, analıq duyğuları, sevgi və Vətən mövzuları xüsusi yer tutur. İkinci Dünya müharibəsi dövründə, eləcə də 20 Yanvar və Qarabağla bağlı yazdığı şeirlər onun dərin vətəndaş mövqeyini əks etdirir. “Ağla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında” kimi şeirlər oxucuların yaddaşında qalmışdır.
Mirvarid Dilbazi “Əməkdar mədəniyyət işçisi”, “Xalq şairi” fəxri adlarına layiq görülmüş, “Şərəf nişanı”, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunmuşdur. Onun 85 illik yubileyi Ulu Öndər Heydər Əliyevin iştirakı ilə qeyd olunub. Prezident İlham Əliyevin sərəncamı ilə 100 illik yubileyi dövlət səviyyəsində keçirilib.
2001-ci ildə vəfat edən şair, xalqımızın ədəbiyyat yaddaşında əbədi yaşayır. Onun poetik irsi bu gün də insanlara ilham verir, saf duyğulara səsləyir:
“Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!”
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi