10 mart Milli Teatr Günüdür - FOTOLAR
Teatr və xalqımızın mədəni yüksəlişi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Tədqiqatçılar Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq qeyd edirlər ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələri olmaqla yanaşı, həm də xalqımızın yaradıcılıq təxəyyülünün imkanlarını və folklorumuzun zənginliyini göstərir. Tarixi dəqiq bilinməyən “Sayaçı”, “Novruz”, “Tənbəl qardaş”, “Cütçü oyunu”, “Tapdıq çoban”, “Şölə oyunu”, “Dəllək”, “Lal oyunu”, “Kosa-kosa”, “Maral oyunu”, “Kilimarası”, və başqa onlarla mərasim, etno-mədəni oyunlarda, tamaşalarda səhnə sənətimizin ilk elementlərini görürük. Min illər boyu xalqımız bu mərasimləri, oyun və tamaşaları açıq havada, şəhər meydanında, kənd içində, bazarda, izdihamlı bayram təntənələrində göstərmişdir. Hovuzüstü, oynaqlıq, nəzərgah, nümayişgah, seyrəngah və başqa adlar daşıyan yerlərdə xalq oyunları və tamaşaları oynanılmışdır. Bu tamaşalar peşəkar teatrımız yaranana qədər böyük bir missiyanı yerinə yetirmişdir.
Tədqiqatçılar Nizami Gəncəvinin “Xəmsə”sində, “Kitabi-Dədə Qorqud” dastanında da teatr sənəti ünsürlərinin olduğunu qeyd edirlər. “Kitabi-Dədə Qorqud” dastanında, “Xəmsə”də olan dramaturgiya elementləri, konfliktin inkişafı, kompozisiya, dialoq, monoloq bunu aydın göstərməkdədir.
1873-cü ilin martında Novruz bayramı ərəfəsində M.F.Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə əsası qoyulmuş Azərbaycan peşəkar teatrı zəngin və şərəfli inkişaf yolu keçmişdir. Dövrünün böyük ziyalıları olan Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun milli teatrımızın yaradılmasındakı fədakarlığı bu sənətin qısa zamanda Azərbaycanda böyük sənət və teatr hərəkatına çevrilməsinə səbəb olmuşdur. Bir qədər sonra Naxçıvanda, Qubada, Şəkidə, Şuşada, Lənkəranda, Tiflisdə, İrəvanda yaşayan azərbaycanlı teatr həvəskarları tamaşalar göstərməyə başlayıblar.
1883-cü il mayın 11-də Naxçıvanda dövrünün maarifpərvər ziyalısı Hacı Nəcəf Zeynalovun şəhərin məşhur “Zaviyə” məhəlləsindəki evində M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilmiş və bununla da Naxçıvanda teatrın əsası qoyulmuşdur.
Naxçıvan teatrı yarandığı dövrdən maarifçilik mövqeyində durmuş, Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlamış, öz həmkarlarının mənəvi dəstəyini daim hiss etmişdir. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Məhəmmədtağı Sidqi, Əliqulu Qəmküsar və başqa görkəmli ziyalılarımız teatrın inkişafı sahəsində sərt sınaqlara dözərək əsl fədakarlıq göstərmişlər. Naxçıvan teatrının yarandığı illərdə bu sənət ocağının təşəkkülü üçün Bakıdan Naxçıvana gələn qüdrətli sənətkarların Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşalar göstərməsi, sənət dostlarına mənəvi dəstək olması teatrımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Teatrlara, sənət adamlarına böyük qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin səyi və köməyi nəticəsində ötən əsrin 70-ci illərində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verərək demişdir: “Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır”.
Böyük dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli teatrımız inkişaf etmiş, peşəkar aktyor və rejissor kollektivi formalaşmışdır. Müstəqillik illərində isə ümummilli liderimizin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu sahədə böyük uğurlar qazanılmışdır. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılmış, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, onların əməyi qiymətləndirilmişdir. Teatr kollektivlərinin əməkhaqları artırılmış, aktyorların, rejissorların, dramaturqların, rəssamların, bəstəkarların yubileyləri geniş qeyd edilmiş, teatrlarımızın beynəlxalq əlaqələri genişlənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən teatrlara diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilmiş, teatr binaları yenidən qurulmuşdur. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm rol oynamışdır. Ölkə başçısının “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 4 mart tarixli Sərəncamı da teatr sənətinin inkişafına göstərilən diqqətin daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, teatr binaları yenidən qurularaq istifadəyə verilmişdir. Qədim diyarımızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan teatrı daim yeniliyə can atmış, mədəni inkişafın carçısı olmuş, geniş maarifçilik işi görmüş, cəhalət və geriliyi qamçılayaraq muxtar respublikada mədəni-ictimai fikrin formalaşmasına öz təsirini göstərmişdir”.
Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənmiş, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilmişdir. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İqdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olmuş, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanmışdır. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanmışdır. Teatrımız repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşaları səhnəyə qoyur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Şeyx Sənan”, “Xəyyam”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Arılar arasında”, “Göy quş”, “Qılınc və qələm”, “Əli və Nino” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir.
Bu il yaradılmasının 30 illiyi tamam olan M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunmuşdur. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmışdır.
Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatrlarının “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Yalan”, “Varlı qadın”, “Yarımgünlük rəis müavini”, “Subaylarınızdan görəsiniz”, “Beş manatlıq gəlin” kimi son tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Rayonlar mərkəzlərində istifadəyə verilən Mədəniyyət Saraylarında teatr kollektivləri üçün hər cür şəraitin yaradılması xalq teatrlarının fəaliyyətinin daha səmərəli təşkilinə səbəb olmuşdur.
Müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilmiş, monoqrafiya və kitablar nəşr olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı yüksək qiymətə layiqdir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim olunmuşdur. Muxtar respublikada teatr təhsili sahəsində də mühüm addımlar atılmış, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılmışdır. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatr sevərlərin qəlbinə yol tapırlar.
Muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülmüşlər.
Naxçıvan teatrları bundan sonra milli ruhun, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnəyə gətirməklə bu ideyaların keşiyində duracaq, mühüm və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəkdir.