Dahilər yetişdirən qədim Naxçıvan torpağında silinməz iz salanlardan biri də dahi mütəfəkkir, publisist, ictimai xadim, ən əsası da qüdrətli vətəndaş yazıçı Cəlil Məmmədquluzadədir. Cəlil Məmmədquluzadə ətrafına ən çox oxucu kütləsi toplayan yazarlarımızdandır. Onun əsərlərinin ana mövzusunu cahilliyə, savadsızlığa qarşı mübarizə təşkil edir. O, həm də əsl xalq müəllimi kimi tanınıb. Daim öz peşəsinin onun üzərinə qoyduğu öhdəlikləri yerinə yetirməyə çalışıb və bunu layiqincə bacarıb.
Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin ədəbi-bədii yaradıcılığını, ictimai-siyasi fəaliyətini qısaca olaraq belə dəyərləndirib: «Azərbaycan ədəbiyyatında kiçik hekayələrin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, «Molla Nəsrəddin» ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış Mirzə Cəlil Məmmədquluzadə görkəmli yazıçı və tanınmış ictimai xadimdir».
Cəlil Məmmədquluzadənin əsərlərinə nəzər yetirəndə görürük ki o, nəsrin əldə olan bütün imkanlarından istifadə edərək dəyərli bədii nümunələr üzərində öz fikirlərini ifadə edib və dərin məhəbbətlə sevdiyi xalqının yaddaşına köçürməyi bacarıb.
Mirzə Cəlil həm də vətənpərvər yazıçıdır. O, «Vətən» kəlməsini öz ürəyində ən kiçik yaşlarından yaşadaraq, əsərlərinin yazılma tarixinə qədər gətirib çıxarıb və yazılarında bunu daim hiss etdirib. Toxunmuş olduğu mövzulardan aydın görünür ki, vətənpərvər olmayan yazıçı belə əsərlər yazmağa qadir ola bilməz.
Heç təsadüfi deyil ki, ilk nəsr əsəri sayılan 1894-cü ildə yazılmış «Danabaş kəndinin əhvalatları» povestində XIX əsrin ictimai-siyasi münasibətləri şəraitində Azərbaycan kəndlisinin ağır, dözülməz vəziyyətini canlandırıb. Əsərin başlıca xüsusiyyətlərindən biri də onun başdan-başa humanist ideyalarla əhatə olunub. Bu da yazıçının humanist bir şəxsiyyət olduğunu göstərir.
Araşdırmaçıların da təsdiqlədiyi kimi, XX əsr Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə kiçik hekayələr ustası kimi mühüm yer tutur. Məncə, elə bir azərbaycanlı tapılmaz ki, yazıçının hekayələrindən ən azı birini oxumamış olsun. Cəlil Məmmədquluzadə bu sahədə də öz bacarığını göstərib, hekayələrini uzun uzadı yazıb oxucunu darıxdırmır. Konkret fikirlərlə dərin məna çatdırmaq istəyərək bunu bacarıb. Bunun nəticəsidir ki, hekayələri hər kəs tərəfindən bəyənilir, sevilir və təsir gücünü göstərə bilir.
Yaxşı haldır ki, Mirzə Cəlilin oxucu kütləsinə nəzər yetirdikdə görürük ki, bu siyahıda yaşlılar, cavanlar, yeniyetmələr, hətta kiçik yaşlı məktəblilər də var. Yazıçının bir fərqli cəhəti də budur ki, əsərlərindəki müsbət və mənfi surətləri qarşılıqlı göstərməyi bacarıb.
1903-cü ildə qələmə aldığı «Poçt qutusu» hekayəsinin baş qəhrəmanı olan Novruzəli həm sadə, həm mömin, avam, həm də saf, səmimi bir insandır. Yazıçı onun daxili saflığını və səmimiyyətini sonsuz məhəbbətlə, avamlığını isə böyük mənəvi iztirabla təsvir edir. Yazıçını narahat edən əsas məsələ isə vətəndaşın ictimai şüur cəhətdən geridə qalmasıdır.
Maarifləndirmək, savadsızlığın aradan qaldırılması kimi məsələlərin daim diqqət mərkəzində saxlanması ədibin 1905-ci ildə Tiflisdə azərbaycanlı uşaqlar üçün pansion və məktəb açmasından də görünür.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadənin Vətənə sonsuz məhəbbəti, doğma xalqına sevgisi bütün əsərlərinin əsas məğzini təşkil edir. O, hər bir əsərində müxtəlif yanaşmalarla bu məhəbbəti çatdıra bilib. Xalqına dərin məhəbbətin yüksək ideyalarla əks olunduğu əsərlərindən biri də 1920-ci ildə tamamladığı Azərbaycan ədəbiyyatının şah əsərlərindən sayılan «Anamın kitabı» tragikomediyasıdır. Yazıçı əsərdə ananın müqəddəslik simvolu olduğunu göstərməyi bacarıb, atanın yazmış olduğu vəsiyyəti geniş və ən əsası dəyərli bir kitab səviyyəsinə çatdıra bilib. Cəlil Məmmədquluzadə bu əsərlərdə də öz dəst-xəttinin fərqliliyini göstərib, çatdırmaq istədiyi fikirləri tragik gülüş şəklində verib. Əsərdə milli birlik, həmrəylik ideyası əsas məsələlərdəndir. Yazıçı əsər boyu bu məsələlərin həlli yollarını axtarır, problemin aradan qaldırılması üçün müxtəlif üsullar göstərir. Dramaturq bu problemin aradan qaldırılmasını təsadüfi olaraq bir ailənin timsalında vermir. Yazıçı hər bir xalqın bir ailə olduğunu vurğulamağa çalışır və hər bir vətəndaşın da bu ailənin üzvü olduğunu göstərərək «ailə»nin ayaqda dura bilməsi üçün bütün vətəndaşları birləşib həmrəy olmağa səsləyir. Əsərin sonunda isə göstərilir ki, Vətənin səadət yolu milli istiqlaldadır.
Öz xalqının hər bir cəhətdən inkişaf etməsi yolunda bu qədər işlər görən bir mütəfəkkirin əsərləri dünən sevilərək oxunub, bu gün dəyərləndirilir və sabah da qiymətləndirilərəkoxunacaqdır.
Lətifə İsmayılova
Siyaqut kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi
“Şərurun səsi” qəzeti