Azərbaycanın Xalq artisti, kino aktyoru və rejissor Şahmar Ələkbərov 1943-cü il avqustun 23-də Gəncə şəhərində anadan olub. 9 yaşında ailəsi ilə birlikdə Bakıya köçüb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub və hələ tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Cəmi 50 il yaşayan sənətkar, teatr səhnəsində qazandığı uğurlardan sonra “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Həmçinin Şahmar Ələkbərov həm də pedaqoji fəaliyyətlə məşğul olub, televiziya və radio verilişlərində çıxış edib. O, “Molla Nəsrəddin”, “Ulduz” kimi proqramların aparıcısı, eyni zamanda dublyaj sahəsində də fəal olub.
0 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləyən Şahmar Ələkbərov “Dağlarda döyüş”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Bakıda küləklər əsir” kimi filmlərdə yaratdığı obrazlarla Azərbaycan kino tarixində silinməz iz qoyub. Onun canlandırdığı Qəzənfər, İman, Cavidan, Nuru və digər obrazlar müxtəlif xarakterləri əks etdirən, dərin mənalı qəhrəmanlardır.
Rejissor kimi ilk işi “İmtahan” filmi olmuş, daha sonra “Sahilsiz gecə” və “Qəzəlxan” filmləri ilə sənətdə yeni uğurlara imza atmışdır.
Yaradıcılığı dövründə əməkdar və xalq artisti fəxri adlarına, həmçinin Dövlət mükafatına layiq görülən sənətkar 1992-ci il avqustun 12-də vəfat edib.
Şahmar Ələkbərov qısa, lakin mənalı ömrü ilə Azərbaycan mədəniyyətində dərin iz qoyub. Onun sənəti və xatirəsi daim yaşayacaq.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi