Hər daşın altında bir tarix yatır

A- A A+

Şərur ərazisində mövcud olan ölkə əhəmiyyətli arxeoloji abidələrdən biri də «Köhnəkənd» adlanan yaşayış yeridir. Orta əsrlər dövrünün maddi-mədəniyyətini özündə əks etdirən «Köhnəkənd» Qarahəsənli kəndinin Cənub qurtaracağında, Arpaçayın sağ sahilindəki kiçik bir sahədə yerləşir.

Coğrafi baxımdan Arpaçayın Araza qovuşduğu bir ərazidə yerləşən «Köhnəkənd»in sakinləri zaman keçdikcə öz yaşayış yerlərini dəyişməyə məcbur olublar. Çünki tarixən həm Arpaçay, həm də Araz yaz aylarında daşar və çaylara yaxın olan yaşayış məntəqələri su altında qalardı. Görünür bu səbəbdən də, «Köhnəkənd»in əhalisi bir qədər çaydan aralı, Şimal-Qərbə doğru çəkilərək müasir Qarahəsənli kəndini salıblar.

Qarahəsənli kəndinin adının yaranması ilə bağlı tədqiqatçı alimlərimiz Tofiq Əhmədov «El-obamızın adları», «Azərbaycan toponimikasının əsasları» və Akif İmanlının «Yaşayış yeri adları» kitablarında belə qeyd olunur: «Keçən əsrin (XIX əsr) ortalarında  əkinçiliklə məşğul olmaları qeyd edilən Xələclər həmin əsrin 70-ci illərdən oturaq həyat keçirməyə başlayıblar.Xələclərəvvəllər çöl və yaxa xələclərinə bölünüblər. Çöl Xələclər oturaq həyata keçməklə 10 xırda məntəqənin əsasını qoyublar. Bu məntəqələrdən biri də Qarahəsənli tirəsidir. Əlbəttə, Qarahəsənli tirəsi də öz adının mənşeyini şübhəsiz ki, Qarahəsən adlı şəxs adından götürmüşdür».  Beləliklə aydın olur ki, Qarahəsənli kəndinin sakinləri Xələc tayfasından yaranmış bir tirədir.

Hazırda «Məscid yeri» kimi saxlanılan «Köhnəkənd» yaşayış yeri kiçik bir təpəcik halında əkin sahələrinin ortasında qalıb.

Yaşayış yerindən Orta əsrlər dövrünə aid olan çoxlu sayda şirli və şirsiz qab hissələri, bişmiş kərpic parçaları, daş alətlər və digər maddi-mədəniyyət qalıqları aşkar edilib. «Köhnəkənd» yaşayış yerindən əldə olunan daş alətlər əsasən dən daşları, sürtgəc və dəstərlərdən ibarətdir. Qədim dövr daş alətləri ilə müqayisədə Orta əsrlər dövrünün alətləri işlənmə baxımından fərqlidir. Bu dövrdə daş alətlərdən çox az hallarda istifadə olunduğundan onların üzərindəki işlənmə izləri nəzərə çarpmır. Çünki Orta əsrlər dövründə daş alətlərdən istifadə tamamilə sıradan çıxıb. Yalnız bəzi məişət işlərində bu alətlərdən istifadə olunurdu. İndi də həmin alətlərdən biri olan dəstərdən (kirkirə və ya əl dəyirmanı) dənli bitkiləri, duzu və sair əzmək üçün istifadə olunur.

Yaşayış yerindən əldə olunmuş müxtəlif ölçülü kiçik, orta və bir qədər böyük, formaca yumru olan daşlar xüsusi maraq doğurur. Görəsən, üzəri cilalanmış bu daşlardan nə üçün istifadə olunub, çəki daşlarımı, yoxsa sapand daşları kimi? Hər halda son söz tədqiqatçı alimlərimizindir. İlk baxışdan çox da nəzər-diqqəti cəlb etməyən bu daşlara diqqətlə baxdıqda üzərindəki əl izlərini -- cilalanmanı görməmək mümkün deyil. Fikirimcə, hamarlanmış bu yumru daşlardan alqı-satqı zamanı çəki daşları kimi istifadə olunub.

Yaşayış yerində ətrafa səpələnmiş çoxlu sayda bişmiş kərpiç parçalarına və təndir badlarına da rast gəlinir. Bu onu bir daha sübut edir ki, yaşayış yerində memarlıq üslubunda tikilmiş bina və ya binalar olub. Orta əsr memarlığında istifadə olunan  bu cür bişmiş kərpiclər kvadrat şəkillidir. Ölçüləri 19x5x19 santimetrdir. Şərur ərazisində mövcud olan Parçı İmamzadəsi, Pir Süleyman, Yengicə hamamı, Çomaxtur kəndindəki yeraltı tikili kimi Orta əsr memarlıq abidələri də bu cür bişmiş kərpiclərlə inşa olunub.

Orta əsrlər dövrünün digər yaşayış yerləri olan «Kültəpə» (Çəmənli kəndi), Küllük (Vərməziyar kəndi) və başqa arxeoloji abidələrdən də bu cür kərpiclər tapılıb.

Orta əsrlər dövrünün memarlıq tikililərində bişmiş kərpiclə bərabər göy (mavi) və qara rəngli kaşı kərpiclərdən istifadə edilib. Kaşı kərpiclər Şərurun Orta əsr yaşayış yerləri olan Qobu, Kültəpə və Küllük abidələrindən aşkara çıxarılıb. Kaşılardan memarlıqda tikilinin daha füsünkar görünməsi üçün ornamentlərin salınmasında istifadə olunub.

«Köhnəkənd» yaşayış yerindən aşkar olunan  şirli və şirsiz qab hissələri isə məişətdə işlədilən kasa, çölmək, küpə, badya və başqa tipli qablara aiddir. Əldə olunmuş bu tapıntılara əsasən demək olar ki, «Köhnəkənd»in əhalisi Erkən Orta əsrlər dövründən başlayaraq, XVIII əsrin sonları-XIX əsrin əvvələrinə qədər burada yaşayıblar.  Tarixin sonrakı vaxtlarında baş verən hadisələr, xususilə təbii fəlakətlər, daşqınlar yerli əhalinin yaşayış yerini dəyişməyə məcbur edib.

«Köhnəkənd» yaşayış yerindən, həmçinin Şərurun başqa Orta əsr abidələrindən aşkar olunan  tapıntılar tariximizin bu dövrünün araşdırılması üçün dəyərli maddi-mədəniyyət mənbələri sayıla bilər.

 

Allahverdi Əsgərli

 Ələkli kənd tam orta məktəbinin tarix müəlimi

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: