“Kitabi-Dədə Qorqud” dastanında əqli və fiziki tərbiyə

A- A A+

“Kitabi-Dədə Qorqud” dastanında Vətənin torpağını, suyunu və onun füsunkar gözəlliyini qorumaq mühüm əxlaqi vəzifə sayılır.  Elə bu da bugünkü ekoloji tərbiyə problemi ilə sıx bağlıdır. Dastanın bütün boylarında mənəvi, əxlaqi gözəllik həmişə ilkin yerdə dayanır. Belə əxlaqi keyfiyyətlər sırasında insanpərvərlik, əməksevərlik, böyüklərə hörmət və qonaqpərvərlik kimi keyfiyyətlər üstün yer tutur .

Həmçinin “Kitabi-Dədə Qorqud” dastanında tərbiyənin mühüm tərkib hissələrindən biri olan əqli tərbiyədə ön plana çəkilib. İnsan üçün həyati əhəmiyyətə  malik olan ağıl böyük nemət hesab olunur. Bütün dastan boyu ağlın rolu yüksək qiymətləndirilir və hətta ağıl dövlət mənasında işlədilib. Oğuz elində gənclərin həmişə tədbirlə ağlını işlətməsi məsələsinə xüsusi diqqət yetirilirdi. Hər bir kəs habelə, fiziki cəhətdən güclü olanlarda ağıla və kamala yiyələnməlidirlər.Dastanda ağlın yüksək nemət olması aşağıdakı fikirlərdə aydın ifadə olunub: “Biliyi unutmayan əqil yaxşıdır”, “Baba malından nə fayda, başda dövlət olmasa” və sairə.

Belə ki, oğuz elində estetik tərbiyəyə və bədii zövqə malik olmaq kamil insan olmağın mühüm şərtlərindən sayılıb. Demək dastanda təbiət və incəsənət gözəlliyi insanın estetik zövqünün tərbiyəsində mühüm yer tutur. Elə buna görə də, dastanda saza və musiqiyə ecazkar bir qüvvə kimi baxılırdı. Oğuz qəhrəmanları saza and verdikdə və ən qatı düşmənin əlində qopuz gördükdə ona əl qaldırmazdılar.

Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının bütün boylarında qəhrəmanların fiziki tərbiyəsinə və qabiliyyətlərinə geniş yer verilib. Boylarda nəinki oğlanların, hətta qızların da fiziki hazırlığına xüsusi diqqət yetirilib. Gənclərə ilk döyüş tərbiyəsi olan at minmək, qılınc oynatmaq və oxla nişan almaq  kimi hərbi təlimlər öyrədilirdi. Oğuz elində gənclər asudə vaxtlarında ox atma yarışları keçirərdi  və oxun düşdüyü yerlərdə çadırlar qurub əylənərdilər.

Onu da ayrıca qeyd etmək lazımdır ki, bütün dastan boyu gənclərə döyüşmək qaydaları və döyüş zəfəri taktikası öyrədilirdi. Məsələn, dastanda göstərilir ki, Bayandır xanın bir buğası və bir də buğrası var idi. Bir yazda və bir də payızda onları meydana buraxardı. Bayandır xanın özü isə oğuz bəyləri ilə tamaşanı seyr edərdi. Lakin bu əslində sadəcə “tamaşa”, “əyləncə” deyil, əvvəlcədən düşünülüb təşkil edilmiş bir məşğələ idi. Burada oğuz ərənlərini, xüsusi ilə də gəncliyi güclü və qüdrətli yetişdirən təlim-tərbiyə növlərindən biridir.

“Kitabi-Dədə Qorqud” dastanında qadınlarda kişilər qədər mübarizdir. At belində ərənlərdən geri qalmayan və köç yollarında oğul doğurub böyüdən oğuz qadınları kişilərdən heç də geri qalmırdı. Bu şərt mübarizə yolları oğuz qadınlarını mətinləşdirirdi. Buna görə də oğuz igidləri ailə quran zaman özləri kimi qəhrəman və dəyanətli həyat yoldaşı seçirdilər. Məsələn, Beyrəyin evlənmək vaxtı çatanda deyir: “Ata mənə elə qız al ki, mən yerimdən durmamış o dursun, mən ata minməmiş o minmiş olsun. Mən düşmənin üstünə gedənə qədər o, mənə baş gətirsin”. Fiziki tərbiyənin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, qız ərə gedəcəyi oğlanla, oğlan isə evlənəcəyi qızla fiziki hazırlıq tələb edən yarışda iştirak etməlidirlər. Bundan sonra yarışda qalib gələn tərəflər ərə gedəcəyi və evlənəcəyi şəxsi qəbul edirdilər.

Dastanın bütün boylarında oğuzlar həyatın bütün sahələrində əxlaqi davranışları ilə igidlik, qorxmazlıq və düzlük nümayiş etdirirlər.  Həmçinin biz dastanın digər boylarında qorxmazlığın ölümə qalib gəlməsinin nümunəsini də görə bilərik. Məsələn, Qanturalın bütün təhlükələrə baxmayaraq səfərə çıxması, BasatınOğuz elinin qorxunc düşməni olan Təpəgözlə vuruşmağa getməsi və s. buna aiddir. Burada həm Qanturalı, həm də Basat onları gözləyən təhlükələrin qorxulu olduğunu, hətta ölümlə üz-üzə gələcəyini əvvəlcədən bilirdilər. Ancaq onlar buna baxmayaraq tam qətiyyətlə məqsədlərinə doğru gedərək böyük mübarizədən sonra qalib çıxırlar.

Onu da qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında ad vermə mərasimi qəhrəmanlıq və igidliklə bağlı olduğundan böyük tərbiyəvi əhəmiyyət daşıyır. Burada Oğuz adətinə görə oğlan uşaqlarına doğularkən deyil, qəhrəmanlığına görə ad verilirdi. Oğuz igidləri ad qazanmaq üçün at çapmağı, qılınc oynatmağı, nizə atmağı və güləşməyi bacarmalı, yarışlarda qalib gəlməlidirlər. Bu cəhətdən Oğuz elində yaxşı ad qazanmaq üçün yaxşı işlər görmək lazımdır. Məsələn, Dirsə xan oğlu Buğac xan boyunda Dədə Qorqudun Buğac xana ad verməsi buna yaxşı nümunədir: “Bu oğlan Bayandır xanın meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüş, adı Buğac olsun. Adını mən verdim yaşını Allah versin” deyə Dədə Qorqud deyib.

 

Taleh  Xəlilov

pedaqogika üzrə fəlsəfə doktor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: