Teatr xalqın maariflənməsində mühüm rol oynayır

A- A A+

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə olub. 1873-cü ilin mart ayında Həsən bəy Zərdabinin, Nəcəf bəy Vəzirovun təşkilatçılığı və rəhbərliyi ilə Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu əsərin səhnələşdirilməsi ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyuldu. Bu tamaşa ilə Azərbaycanda günü-gündən inkişaf edən, alqışlanan, sevilən teatr sənətinin ilk addımları atıldı.

Həmin illərdə xalqımızın maariflənməsində mühüm rol oynayan məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində ilk teatr binası tikdirdi və sənətsevərlərin ixtiyarına verdi. Bu hadisə Bakıda teatr sənətinin inkişafı üçün na təkan oldu. Tezliklə bir sıra istedadlı teatr xadimləri yetişdi. Bunların içərisində  Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyyə Davudova  və başqaları xüsusi fərqlənirdilər. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi olub.

XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ziyalıları arzuları ürəklərdə qoyan savadsızlığı, cəhaləti aradan qaldırmaq üçün müxtəlif yollar düşünüb, çarələr axtardılar. İşıqlı təfəkkür sahiblərinin gəldiyi qənaət isə belə oldu: milli  teatr və mətbuat yaradıb inkişaf etdirmək. Məhz bu ideyalarla cəmiyyətə təsir etmək, insanları qəflət yuxusundan oyatmaq, onlara öz hüquqlarını anlatmaq mümkün idi. Bu məqsədlə Azərbaycanın ayrı-ayrı bölgələrində-Bakıda, Naxçıvanda, İrəvanda, Şuşada, Qubada, Lənkəranda, Dərbənddə milli tərəqqi, azadlıq uğrunda ardıcıl mübarizələr aparılırdı.

Adları teatr tariximizin səhifələrinə qızıl hərflərlə yazılmış Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqaları xalqımızın milli şüurunun oyanışı uğrunda böyük fədakarlıqlar göstərmişlər.

Milli teatrımızın keçdiyi tarixi yola nəzər saldıqda, oynanılan rolları nəzərdən keçirdikdə səhnəmizin ən gözəl qadınları Hökümə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Nəsibə Zeynalova, Vəfa Fətullayeva, Gülşən Qurbanova gözlərimiz önündə canlanır. Bu aktrisaların böyük ürəklə, bacarıqla yaratdıqları obrazlar teatrımızın qızıl fondunun ən dəyərli sərvətidir.

Ümummilli lider  Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə milli teatrımız əsl inkişaf və intibaha qovuşmuş, maddi-texniki bazası gücləndirilmiş, peşəkar aktyor və  rejissor kollektivi formalaşmışdır. Ulu öndərin diqqət və qayğısı ilə bu sahədə ardıcıl tədbirlər həyata keçirilib , Azərbaycan teatrının beynəlxalq əlaqələri genişlənibdir.

Teatra diqqət və qayğı bu gün Azərbaycan  Respublikasının   Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilib, teatr binaları yenidən qurulubdur. 2006-cı ildə qəbul olunan  “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə  Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Muxtar respublikamızda da teatr sənətinin qədim tarixi var. Bununla bağlı ümummilli lider Heydər Əliyev deyib: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”. 

Naxçıvan Muxtar Respublikasında  teatrın fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər teatrın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram  Teatrının binası təmir edilərək müasir səviyyəyə çatdırılıb.

Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Belə teatrlardan biri də 2011-ci ilin 14 iyulundan  fəaliyyət göstərən Şahbuz Rayon Xalq teatrıdır. İlk dəfə olaraq Üzeyir Hacıbəyovun “Ər və arvad” musiqili komediyası səhnələşdirilərək uğurla oynanılmış, tamaşaçıların rəğbətini qazanmış və bu əsərlə də rayonumuzda Xalq teatrının əsası qoyulub. Elə həmin vaxtdan da Şahbuz Rayon Xalq Teatrı daim repertuarını zənginləşdirir, günümüzlə səsləşən əsərlərə müraciət edir, rayonun mədəni həyatında fəal iştirakı ilə diqqəti çəkir. Ötən illər ərzində bir çox əsərləri səhnələşdirən Xalq Teatrının üzvləri uğurlar qazanıblar. Bu yaxınlarda Şahbuz şəhərində gözoxşayan, möhtəşəm bir Mədəniyyət Sarayının istifadəyə verilməsi də bu sahənin-teatr sənətinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür.

Muxtar respublikamızda teatr sənətinə könül verənlərin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlarına layiq görülürlər. 

Bu gün 146-cı ilini qeyd edən Azərbaycan teatrı ictimai şüurun aparıcı qüvvəsi kimi ön cəbhədədir. Milli dəyərləri qorumaq və təbliğ etmək, tariximizi yaşatmaq məramını teatrlarımız bundan sonra da uğurla davam etdirəcək, qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaqlar.  

                 “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: