Bu gün Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün görkəmli kino xadimi, Xalq artisti Tofiq Tağızadənin vəfatından 27 il ötür.

Tofiq Tağızadə dünya kinematoqrafiyasının qabaqcıl təcrübəsindən yaradıcı şəkildə bəhrələnmiş, nadir istedada malik rejissor kimi milli kinomuzda dərin iz qoyub. O, 1950-ci illərdə çəkdiyi filmlərlə Azərbaycan kinosuna yeni üslub gətirmiş, sənətə estetik və tematik baxımdan yeniliklər qazandırmışdır.

1919-cu il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olan Tofiq Tağızadə, 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə daxil olub. II Dünya müharibəsi onun həyatına təsirsiz ötüşməyib — üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb və 1941-ci ildə Rostov yaxınlığında ağır yaralanıb.

Müharibədən sonra sənət yolunu seçən Tofiq Tağızadə 1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsinə daxil olub, burada dövrünün tanınmış kino ustadlarından dərs alıb. 1954-cü ildən etibarən "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayaraq, "Görüş", "Uzaq sahillərdə", "Yeddi oğul istərəm", "Dədə Qorqud", "Arşın mal alan", "Mən ki, gözəl deyildim", "Bağ mövsümü" və digər filmlərə quruluş verib.

Xalq artisti Tofiq Tağızadə ömrünün son illərində şəxsi studiya da yaratmışdı. Təəssüf ki, 1998-ci il avqustun 27-də dünyasını dəyişərək yarımçıq qalan layihələrini özü ilə apardı.

Tofiq Tağızadə Azərbaycan mədəniyyətinin və kino tarixinin yaddaşında daim yaşayacaq.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: