NUHÇIXAN xəbər verir ki, bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür. Unudulmaz sənətkarın anadan olmasından 74 il ötür.
1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn Yaşar Nuri uşaqlıqdan səhnəyə bağlı olub. Hələ 11 yaşında “Toy kimindir?” tamaşasında Tapdıq obrazı ilə səhnəyə çıxıb. Sonradan həm teatr, həm də televiziya sahəsində yaratdığı saysız-hesabsız obrazlarla tamaşaçıların sevimlisinə çevrilib.
Yaşar Nuri Azərbaycan teatr səhnəsində “Ölülər”, “Od gəlini”, “Qanlı Nigar”, “Sevil”, “Mesenat”, “Dəli yığıncağı” kimi klassik əsərlərdə unutulmaz rollar ifa edib. Eyni zamanda, “Yollar görüşəndə”, “Qatarda”, “Evləri köndələn yar”, “Göz həkimi”, “Səni axtarıram” kimi teletamaşalarda və “Bəyin oğurlanması”, “Yaramaz”, “Ad günü”, “Yuxu”, “Fransız” kimi filmlərdə yaratdığı obrazlarla geniş rəğbət qazanıb.
Onun "Sənə əjdaha lazımdır?", "Ay moment", "Hə, nolsun" kimi ifadələri xalq arasında dillər əzbərinə çevrilib və bu gün də Yaşar Nuri xatırlanarkən tez-tez sitat gətirilir.
Yaşar Nuri 2012-ci il noyabrın 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun zəngin yaradıcılığı və unudulmaz obrazları bu gün də xalqımızın yaddaşında və qəlbində yaşayır.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi