Xalq artisti Siyavuş Aslanın doğum günüdür

A- A A+

Bu gün tanınmış teatr və kino aktyoru, “Şərəf” ordenli, Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90 illiyi qeyd olunur.

NUHÇIXAN xəbər verir ki, Siyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabrın 5-də Bakıda anadan olub. Aktyorluq fəaliyyətinə həvəskar dram dərnəyində başlayıb.

1954-cü ildə Musiqili Komediya Estrada Truppasında qısa müddət çalışıb. 1958-ci ildən isə Quba Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri kimi fəaliyyət göstərib.

1994–1996-cı illərdə həmin teatrın bədii rəhbəri vəzifəsində çalışaraq bir çox yaddaqalan obrazlara imza atıb. 1984-cü ildən etibarən Akademik Milli Dram Teatrının aktyoru kimi səhnədə çıxış edib və çoxsaylı rəngarəng rollar yaradıb.

Siyavuş Aslanın "Kəndimizin mahnısı", "Özümüz bilərik", "Altı qızın biri Pəri", "Ulduz" kimi tamaşalar və filmlərdə canlandırdığı obrazlar tamaşaçı yaddaşında dərin iz qoyub. Televiziya tamaşalarında isə yüzdən artıq obraz ifa edib.

Yaradıcılıq fəaliyyətinə görə Siyavuş Aslan 1974-cü ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 1982-ci ildə isə “Xalq artisti” fəxri adları ilə təltif olunub. O, həmçinin Prezident təqaüdçüsü olub və 25 iyun 2013-cü ildə “Şərəf” ordeninə layiq görülüb.

Xalq artisti Siyavuş Aslan 2013-cü il iyunun 27-də uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

 

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: