Parisdə Azərbaycan mətbəxi və Qəbələnin qastronomiya potensialı təqdim olunacaq - FOTOLAR
Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq Qastronomiya Günləri çərçivəsində Azərbaycan pavilyonu da fəaliyyət göstərəcək.
NUHÇIXAN xəbər verir ki, pavilyonumuz ölkəmizin Fransadakı səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək.
Sentyabrın 11-dən 14-dək Azərbaycan pavilyonunda mətbəximizin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.
Paris Beynəlxalq Qastronomiya Günlərində ölkəmizin ən böyük turizm menecmenti şirkətlərindən olan “Gabala Hospitality Group” iştirak edərək, qonaqları Azərbaycanın qastronomik turizm istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış edəcək. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edəcəklər. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar iştirakçılara təqdim olunacaq.
Ziyarətçilərə “Happy Day Cake” şirniyyat evinin hazırladığı paxlava və şəkərbura təqdim olunacaq. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir və bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlirlər. Tədbiri 40 mindən çox insan ziyarət edir.