Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Şuşa şəhərində anadan olub. 1912-ci ildə, cəmi 6 yaşında olarkən ailəsi ilə birlikdə maddi çətinliklər səbəbindən İranın Məşhəd şəhərinə köçmək məcburiyyətində qalır.
1922-ci ildə məktəbi bitirdikdən sonra o, məşhur sənətkar Mirzə Ələkbər Hüseynzadənin xalça emalatxanasında işə başlayır. Əvvəlcə köməkçi kimi fəaliyyət göstərən Lətif Kərimov zamanla təlimatçı, daha sonra isə xalça eskizləri üzərində çalışan rəssam kimi peşəkarlığını formalaşdırır.
1929-cu ildə doğma Şuşaya qayıdan sənətkar, bir il sonra “Azərxalça” İstehsalat Birliyində əvvəl Şuşa və Tiflisdə, 1932-ci ildən isə Bakıda rəssam-təlimatçı kimi fəaliyyətini davam etdirir. 1945-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun xalça sənəti şöbəsinə rəhbərlik edir. Eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir.
Lətif Kərimovun əsərləri milli ənənələrə söykənməklə yanaşı, kompozisiya bütövlüyü, təsvir vasitələrinin zənginliyi və rəng harmoniyası ilə seçilir. Onun eskizləri əsasında toxunan xalçalar arasında “Əfşan” (1932), “Qonaqkənd” (1939), “Ləçəkturunc” (1952), “Şuşa” (1953), “Göygöl” (1958), “Qarabağ” (1960), “İslimi” (1964), “Butalı” (1965), “Bahar” (1966–1976), “Heyvanlar aləmində” (1969), “Şəbi-hicran” (1975), “Zərxara” (1977), “Firdovsi” (1934), “Səməd Vurğun” (1956), “Vaqif” (1967), “Füzuli” (1972), “Nəsimi” (1974), “Səfiəddin Urməvi” (1975), “Əcəmi” (1976) və s. kimi dəyərli sənət nümunələri var.
O, yalnız xalçaçı deyil, həm də geniş mənada dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində çalışan böyük sənətkar idi. Azərbaycan xalçaçılığının fərqli bölgələrinə — Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça məktəblərinə aid 150-dən çox xovlu və xovsuz xalça nümunəsini toplamış, onların rəngli reproduksiyalarını hazırlamışdır.
Lətif Kərimov, rəssamlar Kamil Kazımzadə, İsmayıl Axundov və başqaları ilə birlikdə 1940–1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr olunmuş beş xalça hazırlamışdır. 1947-ci ildə isə onun eskizi əsasında “Moskvanın 800 illiyinə” həsr olunan xalça toxunmuşdur.
1950-ci ildə böyük elmi əhəmiyyətə malik “Azərbaycan xalçalarında ornament” kitabına görə Sankt-Peterburqda ona sənətşünaslıq üzrə namizədlik elmi dərəcəsi verilir.
1967-ci ildə Lətif Kərimovun təşəbbüsü ilə Bakıda unikal bir mədəniyyət ocağı — Azərbaycan Xalça Muzeyi yaradılır. Bu muzey daha sonra onun adını daşıyaraq, sənətkarın ölməz irsini yaşadan mühüm mərkəzə çevrilir.
Lətif Kərimov 1991-ci il sentyabrın 9-da Bakıda vəfat edib. O, Azərbaycan mədəniyyətinin parlaq simalarından biri, xalça sənətinin canlı əfsanəsi olaraq yaddaşlara həkk olunub.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi