Hanoyda Azərbaycanın turizm potensialı təqdim olunub

A- A A+

Azərbaycanın Vyetnamdakı səfirliyi, Azərbaycan Turizm Bürosu və Hanoy Ticarət və Turizm Kollecinin birgə təşkilatçılığı ilə Hanoyda “Azərbaycanı kəşf et” adlı mədəniyyət və turizm tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan mədəniyyətinin və turizm potensialının Vyetnamda tanıdılması məqsədilə təşkil olunan tədbirə Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid, Vyetnam Milli Turizm Qurumunun sədr müavini xanım Nquyen Ti Hoa May, səfirlər, turizm mütəxəssisləri, Vyetnamın müxtəlif qurumlarından nümayəndələr və kollecin tələbələri qatılıblar.

Hanoy Ticarət və Turizm Kollecinin rektoru xanım Çin Ti Tu Ha çıxışında iki ölkə arasında dostluğun gücləndirilməsində mədəni mübadilənin vacibliyini vurğulayıb.

Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsindən sonra əlaqələrin daha da inkişaf etdiyini qeyd edib.

Xanım Nquyen Ti Hoa May çıxışında Vyetnam ilə Azərbaycan arasında turizm əməkdaşlığının böyük perspektivlərinin olduğunu vurğulayıb. O, Azərbaycanın zəngin mədəni irsi, tarixi abidələri və təbii gözəlliklərinin vyetnamlı turistlər üçün cəlbedici istiqamət ola biləcəyini bildirib. Eyni zamanda, turizm sahəsində qarşılıqlı təşviqatın aparılmasının, birgə layihələr və mübadilə proqramların iki xalq arasında qarşılıqlı anlaşmanı daha da gücləndirəcəyi qeyd olunub.

Florian Zenqstşmid Azərbaycanın turizm strategiyasını təqdim edərək, vyetnamlı turistləri qədim mədəni irs, müasir həyat tərzi və zəngin təbiəti özündə birləşdirən Azərbaycanı kəşf etməyə dəvət edib.

Azərbaycan Turizm Bürosunun nümayəndəsi Gunel Ələkbərova isə “Azərbaycanı kəşf et” mövzusunda ölkəmizin turizm potensialı və istiqamətləri haqqında ətraflı təqdimatla çıxış edib.

Tədbir sual-cavab sessiyası və Vyetnamın çay mədəniyyətinin təqdimatı ilə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: