Bu gün görkəmli bəstəkar, müstəqil Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Arif Məlikovun anadan olmasından 92 il keçir.
1933-cü il sentyabrın 13-də Bakıda dünyaya gələn sənətkar 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” baleti ilə şöhrət qazanaraq, milyonların məhəbbətini qazanıb. Sonrakı illərdə yaratdığı əsərlərlə milli musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr verib.
Onun zəngin yaradıcılıq irsinə “Metamorfozlar”, 7 və 8 nömrəli simfoniyalar, “Azərbaycan” balladası, müxtəlif teatr tamaşaları və filmlərə bəstələdiyi musiqilər daxildir. “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” kimi ekran əsərlərinə yazdığı musiqilər bu gün də sevilə-sevilə dinlənilir.
Dahi bəstəkarın əsərləri Azərbaycan hüdudlarından kənarda da böyük maraqla qarşılanıb. Xüsusilə “Məhəbbət əfsanəsi” baleti dünyanın 60-dan çox ölkəsində tamaşaya qoyulub.
Dmitri Şostakoviç onun yaradıcılığı haqqında deyib:
“Arif Məlikov istedadlı bəstəkardır. Onun musiqisində dərin dramaturgiya, dəqiqlik və qəhrəmanların xarakterini ifadə etmək məharəti vardır.”
Arif Məlikov həm də pedaqoq kimi onlarla gənc bəstəkara sənətin sirlərini öyrədib, milli ənənələrimizin qorunmasına və inkişafına böyük diqqət yetirib.
O, 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabında xalqımızın dərdini dünyaya çatdırmaqla, həm də vətəndaşlıq mövqeyini nümayiş etdirib.
Arif Məlikov 2019-cu il mayın 9-da 85 yaşında vəfat edib və I Fəxri xiyabanda dəfn olunub.
Nurtac İsmayılova
Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə
II kurs tələbəsi