Xalq şairi Hüseyn Arifin vəfatından 33 il ötür

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi Hüseyn Arifin vəfatından 33 il ötür.

Hüseyn Arif (Hüseyn Hüseynzadə) 1924-cü il iyunun 15-də Qazax rayonunun Yenigün kəndində anadan olub (kənd hazırda Ağstafa rayonunun tərkibindədir). Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin ilk uğurlu əsərlərindən biri "Azad" adlı librettosudur. Bu əsər 1957-ci ildə Opera və Balet Teatrında səhnələşdirilib. 1974-cü ildə isə “Yolda” poemasının motivləri əsasında yazdığı eyniadlı pyes Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub.

1971-ci ildə "Dağ kəndi" poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülən şairin əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Şeirlərinə bəstələnmiş musiqilər də onun sənətinin geniş auditoriyaya çatmasında mühüm rol oynayıb. Hüseyn Arif 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə isə Liviyada keçirilən “SSRİ Günləri”nin iştirakçısı olub.

1976-cı ildə oğlu Arif Hüseynzadə faciəli şəkildə dünyasını dəyişəndən sonra onun həyatı çox dəyişir. Başına gələn faciədə özünü hər zaman günahkar bilir. O bu hadisəni ovçuluq etdiyi zamanlarda ovladığı heyvanların göz yaşı ilə əlaqələndirir. Bütün ağır günlərini, yaşadıqlarını oğlundan bəhs edərkən belə xatırlayır: “Sən bir dəfə Öldün oğul, mən yaşadım ölə-ölə” deyib nalə çəkirdi. Şair hər zaman haqq dünyasına köçən oğlunun adını öz şeirlərində yaşadırdı. Öz yaradıcılığının bir dövrünü oğluna görə Hüseyn Arif təxəllüsü ilə davam etdirmişdir.  Şeir misralarında oğlunu belə xatırlayırdı:                                     

                   Bir qartal boynunu bükür qayada    

              Bir gəlin boğulub batır dəryada   

             Bir şair inləyir Ağstafada    

                Bir ata oğulsuz qalandan bəri...        

Şairin gülüşündə belə bir nisgil duyulurdu: “Arif ölən gündən Hüseyn adlı bir kədər şairi gəldi dünyaya”...                

Ədəbi və ictimai fəaliyyətində də fəallığı ilə seçilən şair müxtəlif vəzifələrdə çalışıb: Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in və “Gənclik” nəşriyyatının redaksiyalarında rəhbər, Azərbaycan Aşıqlar Birliyinin sədri olub.

Hüseyn Arifin yaradıcılığında milli folklora, epos təfəkkürünə və xalq yaddaşına bağlılıq önəmli yer tutur. O, təbiətə, Vətənə, ana torpağa sevgini poeziyasının əsas qayəsinə çevirib. Şairin təbiət mövzusunda yazdığı əsərlər insanı doğma yurda daha dərindən bağlanmağa çağırır.

Xalqın içindən çıxmış, səmimiyyəti və sadəliyi ilə yadda qalan Hüseyn Arifin adı ilə bağlı çoxsaylı lətifələr və əhvalatlar dolaşır. Hətta bu əhvalatların toplandığı kitab da nəşr olunub. Bu cür zarafatlar şairin ciddiyyətinə kölgə salmır, əksinə, onu xalqa daha da yaxınlaşdırır.

Xalq şairi Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat edib və doğulduğu kənddə, faciəvi şəkildə dünyasını dəyişmiş oğlu ilə yanaşı dəfn olunub.

Şairin Bakıdakı yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan və Ağstafa şəhərlərində onun adını daşıyan küçələr mövcuddur. Ağstafada yerləşən Uşaq Musiqi Məktəbi də Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı sənədli film çəkilib. 

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: