Şahbuzlu gənclər muzeylərlə tanış olublar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda elan edilən “Vətənpərvərlik həftəsi” çərçivəsində rayonun bir qrup fəal gəncinin Naxçıvan şəhərindəki muzeylərə ekskursiyası təşkil olunub.
Gənclər əvvəlcə Heydər Əliyev Muzeyini ziyarət ediblər. Məlumat verilib ki, bu il Heydər Əliyev Muzeyinin yaradılmasının 20 ili tamam olur. Muzeydəki eksponatların arasında görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar yer alıb. O cümlədən Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi şəxsi əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, fotolar və sənədli filmlər də burada sərgilənir. Muzeydə nümayiş etdirilən eksponatlar Ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.
Gənclər daha sonra Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Bildirilib ki, Naxçıvanda zəngin xalçaçılıq ənənələri mövcud olub. Naxçıvanın iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zili və cecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə imkan verib. Muzeydə sərgilənən xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatlar gənclərin marağına səbəb olub.
Gənclər Naxçıvan Dövlət Rəsm Qalereyası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət ediblər
Novruz Məmmədov