Çində “Azərbaycandan xoş arzularla” devizi altında konsert proqramı təqdim olunub - FOTOLAR

A- A A+

Pekinin ən mötəbər konsert salonlarından olan Milli İfaçılıq Mərkəzinin böyük zalında azərbaycanlı musiqiçilərin Çinin Milli Balet Teatrının böyük simfonik orkestri ilə uğurlu konserti keçirilib.

NUHÇIXAN xəbər verir ki, həmin orkestrə rəhbərlik edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev geniş, rəngarəng və mürəkkəb konsert proqramını dinləyicilərə təqdim edib.

“Azərbaycandan xoş arzularla” devizi altında keçən konsertdə dahi bəstəkarlarımız Üzeyir Hacıbəyli (bəstəkarın 140-lik yubileyinə həsr olunub) və Fikrət Əmirovun müxtəlif janrda yazdığı əsərlərlə bərabər, istedadlı bəstəkarı və pianoçusu, Respublika müsabiqələri laureatı Tamilla Əhədovanın müəllifi olduğu “Fortepiano və orkestr üçün konsert”inin Çində premyerası gerçəkləşib.

Böyük marağa səbəb olan ifadan sonra gənc bəstəkar Tamilla Əhədova xüsusi olaraq dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyliyə həsr etdiyi kompozisiyanı çinli tamaşaçılar üçün ifa edir. Sürəkli alqışlarla qarşılanan konsertin birinci bölümünün davamında isə dirijor Əyyub Quliyev və Çin Milli Simfonik Orkestrinin təqdimatında O. Respiqi, D. Şostakoviç və P. Çaykovskinin geniş həcmli simfonik əsərləri ayaqüstü alqışlarla qarşılanıb. Dinləyicilərin istəklərini nəzərə alaraq azərbaycanlı dirijor və yerli musiqiçilər əlavə olaraq Çində xüsusi olaraq sevilən “Wanquang River” kompozisiyasını təqdim ediblər.

Gecədə Azərbaycanın Çindəki səfiri Bünyat Hüseynov, Çin Milli İfaçılıq Mərkəzinin prezidenti Veng Ning, Çinin Xarici İşlər və Kommersiya Nazirliklərinin rəhbər şəxsləri, tanınmış yerli mədəniyyət xadimləri iştirak ediblər.

Xatırladaq ki, 2024-cü ilin avqustunda dirijor Əyyub Quliyev Çin Milli Baleti ilə bərabər həyata keçirdiyi Fikrət Əmirovun “1001 gecə” baletinin premyerası Pekində yeni opera teatrının açılışı ilə yadda qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: