Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur

A- A A+

Bu gün – 18 sentyabrda Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olur. Şərqdə ilk operanın müəllifi kimi tanınan sənətkarın doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilir.

Prezident İlham Əliyevin 2025-ci ildə imzaladığı Sərəncama əsasən, yubiley münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Konsertlər, tamaşalar, sərgilər, elmi simpoziumlar və ustad dərsləri ilə zəngin yubiley proqramı musiqisevərlərin görüşünə gəlir.

Eyni zamanda bu gün Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı da start götürüb. 17-ci dəfə keçirilən festival 28 sentyabradək davam edəcək. Bakı, Şuşa, Gəncə, Naxçıvan, Sumqayıt, Qazax və Ağcabədidə baş tutacaq tədbirlərdə Azərbaycanla yanaşı ABŞ, Türkiyə, Fransa, Almaniya, Cənubi Koreya və digər ölkələrdən tanınmış musiqiçilər iştirak edəcək.

1908-ci ildə səhnələşdirilən "Leyli və Məcnun" operası ilə Şərqdə opera janrının təməlini qoyan Üzeyir Hacıbəyli daha sonra "Əsli və Kərəm", "Şah Abbas və Xurşidbanu", "Rüstəm və Söhrab", "Şeyx Sənan" və "Harun və Leyla" kimi operaları ilə milli musiqimizi zənginləşdirdi. Onun yaradıcılığının zirvəsi isə "Koroğlu" operası hesab olunur.

Üzeyir bəy həm də operetta janrının banisidir. "Ər və arvad", "O olmasın, bu olsun" və "Arşın mal alan" kimi musiqili komediyalar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də böyük uğur qazanıb. "Arşın mal alan" 70-dən çox dilə tərcümə olunub və yüzdən çox teatr səhnəsində oynanılıb.

Bəstəkarın elmi və publisistik fəaliyyəti də diqqətəlayiqdir. O, 300-dən çox xalq mahnısını nota salıb, “Azərbaycan xalq musiqisinin əsasları” adlı əsəri ilə musiqi nəzəriyyəmizə böyük töhfə verib. Azərbaycan Xalq Cümhuriyyətinin və Sovet Azərbaycanının himnləri də məhz ona məxsusdur. Bu gün müstəqil Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir Hacıbəylinin müəllifliyi ilə səslənir.

Azərbaycan musiqi sənətinin banisi, milli kimliyimizin simvoluna çevrilmiş Üzeyir Hacıbəylinin xatirəsi xalqın qəlbində daim yaşayır.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: