Azərbaycan musiqi mədəniyyəti zəngin tarixi, dərin kökləri və bənzərsiz melodiyaları ilə dünyada seçilir. Bu böyük xəzinənin memarlarından biri, professional musiqi məktəbinin yaradıcısı, görkəmli bəstəkar, alim, maarifçi və ictimai xadim Üzeyir Hacıbəylidir.
Ümummilli lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə Üzeyir bəyin doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi təsis edilmişdir.
Bu il xalqımız bu əlamətdar günü daha möhtəşəm ruhda qarşılayır, çünki 2025-ci il Üzeyir bəyin 140 illik yubileyidir.
1885-ci ilin 18 sentyabrında dünyaya göz açan Üzeyir Hacıbəyli təkcə bir bəstəkar deyildi, o, bütöv bir musiqi məktəbinin yaradıcısı, yeni mədəniyyətin təməlini qoyan şəxsiyyət idi. Onun 1908-ci ildə səhnəyə qoyulan “Leyli və Məcnun” operası Şərqdə ilk opera olmaqla yanaşı, milli musiqimizin dünyaya təqdimatı idi. Ardınca yazdığı “Əsli və Kərəm”, “Koroğlu” operaları, romanslar, marşlar və yüzlərlə musiqi nümunəsi Azərbaycanı musiqi mərkəzlərindən birinə çevirdi.
Üzeyir bəyin qələmə aldığı Azərbaycan Respublikasının Dövlət Himni isə milli kimliyimizin ən uca rəmzlərindən biridir. Bu gün hər bir azərbaycanlının ürəyində səslənən himn onun əbədi imzasıdır.
Üzeyir bəyin arzularından biri Azərbaycan musiqisinin doğma torpaqlarında əbədi səslənməsi idi. Bu gün həmin arzu gerçəyə çevrilib. Qarabağ və Şərqi Zəngəzur torpaqları azaddır. Xüsusilə musiqi beşiyi olan Şuşa şəhərində keçirilən festivallar, muğam müsabiqələri və konsertlər Üzeyir bəyin irsini yaşadır. Cıdır düzündə səslənən tar, kamança və xanəndə səsi bu torpaqların əsl sahiblərinə qayıtdığını bütün dünyaya bəyan edir.
Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Qarabağda musiqi bayramlarının keçirilməsi, muğam mərkəzlərinin, konsert salonlarının bərpası və yenidən qurulması milli mədəniyyətimizin gələcəyinə verilən ən böyük töhfədir.
Müstəqillik dövründə Azərbaycan musiqisinin inkişafı üçün geniş imkanlar yaradılıb. Dövlətimiz milli musiqi irsinin qorunmasını prioritet istiqamətə çevirib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi kimi nüfuzlu ocaqlar bu qayğının bariz nümunəsidir.
Hər il keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı Azərbaycanın musiqi paytaxtına çevrilməsinə xidmət edir. Dünyanın aparıcı musiqiçiləri bu festivala qatılaraq Azərbaycan musiqisinin möhtəşəmliyini bir daha təsdiqləyirlər.
Azərbaycan musiqisinin inkişafında qədim diyar Naxçıvanın da xüsusi yeri var. Burada əsrlər boyu aşıq sənəti, muğam ifaçılığı, xalq çalğı alətləri ansamblları yaşadılıb və bu gün də inkişaf etdirilir.
Muxtar respublikanın mədəni həyatında Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi önəmli rol oynayır. Burada musiqi, təsviri sənət, teatr sahəsində peşəkar kadrlar yetişdirilir, gələcəyin sənətkarları formalaşır. Universitetin nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci isə gənclərin peşəkar musiqi təhsili almasına, milli musiqimizin dərinliklərinə enməsinə xidmət edir.
Bundan başqa, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən musiqi məktəbləri uşaqların musiqi dünyasına ilk addımlarını atdığı məkanlardır. Bu məktəblərdə yetişən gənc ifaçılar sonradan peşəkar səhnələrə çıxaraq Azərbaycan musiqisinin gələcəyini formalaşdırırlar.
Naxçıvanın musiqi həyatının aparıcı mərkəzlərindən biri də Naxçıvan Dövlət Filarmoniyasıdır. Burada keçirilən konsertlər, simfonik və kamera musiqisi axşamları, həmçinin xalq çalğı alətləri ansamblının çıxışları Naxçıvanın mədəni həyatına xüsusi rəng qatır.
Xüsusi vurğulamaq lazımdır ki, Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri də regionun mədəni həyatında mühüm hadisələrə imza atır. Orkestrin ifasında səslənən klassik və müasir əsərlər həm tələbələrin yaradıcılıq potensialını nümayiş etdirir, həm də Naxçıvan musiqisinin peşəkarlıq səviyyəsini göstərir. Bu orkestr Üzeyir bəyin irsinin və Azərbaycan simfonik musiqisinin bölgədə təbliğində mühüm rol oynayır.
Bütün bu ocaqlar – universitet, kolleclər, musiqi məktəbləri, filarmoniya və simfonik orkestr Üzeyir bəyin irsini yaşadan, milli musiqimizi gələcək nəsillərə ötürən möhtəşəm mədəniyyət mərkəzləridir.
18 sentyabr təkcə bir tarixi xatırlatma deyil. Bu gün xalqımızın musiqi yaddaşına, milli kimliyinə, azadlıq ruhuna ehtiram günüdür. Üzeyir Hacıbəyli Azərbaycan musiqisini sadəcə inkişaf etdirmədi, o, musiqi vasitəsilə milli birlik yaratdı.
Bu gün Qarabağda, Bakıda, Naxçıvanda və Azərbaycanın hər guşəsində səslənən musiqi Üzeyir bəyin ruhuna ən böyük ehtiramdır.
Milli Musiqi Gününüz mübarək, Azərbaycan!
Fətəli AXUNDZADƏ
Naxçıvan Musiqi Kollecinin direktor müavini